MG Music Gallery-dən şikayət var: “ATAMA NİYƏ ZƏNG VURURLAR?”
Özünü Kapitan Nemo kimi təqdim edən istifadəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.
Sfera.az"MG Music Gallery” mağazalar şəbəkəsindən gileyli olan istifadəçinin məktubunu olduğu kimi təqdim edir:
"Şikayətim MG Music Gallery-dəndir. Daha dəqiq desəm, onların səriştəsiz iş görən Kredit mütəxəssislərindəndir. Aprel ayının 10-da onlarla əlaqə saxlayıb, televizor götürmək istədiyimi bildirdim. Kredit kampaniyasına uyğun olaraq, kreditlərin şəxsiyyət vəsiqəsi ilə verildiyi qeyd olunmuşdu. Onlarla əlaqə saxladıqdan sonra, məlum oldu ki, iş yerim, iş vəsiqəm, iş stajım, maaşım, ata-ana, bacı-qardaş, digər qohumlar haqda məlumatlar da tələb olunur. Həmçinin kredit tarixçəmi yoxlamaq üçün ASAN imza elektron kabinetimə giriş parolu da tələb etdilər”.
Şikayətçini qeyzləndirən əsas məsələ kredit götürməsi üçün mağaza əməkdaşlarının atasından icazə istəmələri olub:
"Bütün sənədləri təqdim etdikdən sonra, yaşımın 30-dan yuxarı olmasına baxmayaraq, atama zəng vurub kredit götürdüyümdən xəbərdar olub olmadığını soruşdular. (kreditin aylıq ödənişi 80 man). Atamla mən ayrı ayrı ünvanlarda qeydiyyatdayıq və ayrı yaşayırıq. Məni mağazaya çağırıb, kağızları imzalatdırdıqdan sonra, ertəsi gün yenidən atama zəng vurub, yenidən onun razılığını istəyiblər.
Başa düşmədim, 2012-ci ildən müxtəlif banklarda kredit tarixçəm var, heç bir bankda da problemli müştəri olmamışam, çox vaxt da kreditləri vaxtından əvvəl bağlamışam. Mən öz evimə texnika alıramsa, nəyə görə ata-ana və digər şəxslər bu barədə bilməlidir və onların razılığı alınmalıdır? Bu nə hörmətsizlik və özbaşnalıqdır belə?”
Selcan
Sfera.az






