Nazir: "Sabahdan etibarən ödənişlərə başlanılacaq"
Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, aprel və may aylarında sosial sığorta haqlarının yığımında müəyyən azalmaların olacağını gözlənilir:
"Bu, obyektiv səbəblərdən irəli gəlir. Bu azalmalar bizim 2019-cu ildə yığılmış "ehtiyat yastığı" vasitəsilə kompensasiya olunacaq. Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik və ya problem olmayacaq”.
Nazir xatırladıb ki, mart ayında 2 milyon 300 mindən çox insanın sosial yönümlü ödənişləri Dövlət Sosial Müdafiəsi Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub: "Hesab edirəm ki, aprel ayında da belə olacaq. Artıq qrafik elan olunub və sabahdan etibarən ödənişlərə başlanılacaq".






