Büdcədən investisiya qoyuluşları azaldılır: Hansı müsbət və mənfi təsirləri olacaq? - Ekspert rəyi

Büdcədən investisiya qoyuluşları azaldılır: Hansı müsbət və mənfi təsirləri olacaq? - Ekspert rəyi
Azərbaycan hökuməti ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin tədricən azaldılması və investisiya qoyuluşunun daha çox özəl sektor tərəfindən qarşılanmasını planlaşdırır. Plana uyğun olaraq əsaslı xərclərin payı 2020-ci ildəki 30,4 faizdən 2025-ci ildə 20,2 faizə qədər azaldılacaq. 

Sfera.az bildirir ki, əsaslı xərclərə 2021-ci ildə 8,32 milyard manat və ya büdcənin 29,14 faizi, 2023-cü ildə 6,25 milyard manat, yəni büdcənin 21,85 faizi, 2025-ci ildə 5,78 milyard manat və ya büdcəni 20,2 faizi ayrılacaq. 

Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərə ən çox vəsait 2013-cü ildə ayrılıb. Həmin ildə cəmi xərclərin 48,2 faizi, yəni 9,2 milyard manatı (hazırkı məzənnə ilə 19,87 milyard manat) əsaslı xərclərdən ibarət olub. Nisbi bölgüdə isə əsaslı xərclərə daha çox vəsait 2011-ci ildə ayrılıb. Həmin ildə büdcənin 51,2 milyard manatı əsaslı xərclərə yönəldilib. 2016-cı ildə isə əsaslı xərclər 4,3 milyard manata qədər azaldılıb ki, bu da büdcənin cəmi xərclərinin 24,15 faizidir. 

Son illər, xüsusilə də devalvasiyadan sonrakı mərhələdə büdcə xərclərinin kifayət qədər artımı qeyri-neft sektorunun mütənasib səviyyədə artımı ilə müşayiət olunmayıb. Belə ki, 2019-cu ildə əsaslı xərclərin 2017-ci illə müqayisədə 1,8 dəfə artırılmasına baxmayaraq, həmin dövrdə ÜDM-in orta illik real artımı 1,4 faiz, qeyri-neft ÜDM-in orta illik real artımı isə cəmi 2,9 faiz təşkil edib. 
Hökumət bunu nəzərə alaraq əsaslı xərclərdə artımı növbəti illər üzrə qeyri-neft sektorundan əldə olunan gəlirlərin potensial artım tempinə nəzərən həyata keçirəcək.

Bəs, yeni yanaşma, yəni əsaslı xərclərin azaldılması Azərbaycan iqtisadiyyatına hansı müsbət və mənfi təsirlər göstərə bilər?

Əsaslı xərclərin azaldılması ilə bağlı yaranacaq yeni vəziyyəti Sfera.az saytına şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, bu dəyişikliyi 2 aspektdən dəyərləndirmək olar. Onun fikrincə, əsaslı xərclərin azaldılması korrupsiya hallarının məhdudlaşdırılması baxımından əhəmiyyətlidir, amma iqtisadiyyatın investisiya ehtiyacının ödənilməsi baxımından risklidir. Ekspert düşünür ki, ikinci aspekt nəzərə alındığında hökumət qəbul etdiyi qərarlarda ehtiyatlı olmalıdır: 

"Dövlət vəsaitlərindən səmərəli istifadə etmək aspektindən yanaşsaq, əsaslı vəsait qoyuluşu xərclərinin azaldılması yaxşı haldır. Çünki dövlət büdcəsinin vəsaitlərində mənimsənilmə halları daha çox əsaslı xərclərdə baş verir. Əsaslı xərclərə nə qədər çox vəsait yönəldilirsə, mənimsəmə halları da bir o qədər yüksək olur. Lakin Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini də nəzərə almaq lazımdır. İqtisadiyyatımızın dövlət xərclərindən asılılığı yüksəkdir. Düzdür, son illərdə dövlət sektorunun əsas kapitala sərmayə qoyuluşunda azalma var. Əgər əvvəllər investisiya qoyuluşunda dövlət sektorunun payı 50 faizi keçirdisə, hazırda dövlət sektorunun payı 37-38 faizdir. Büdcə vəsaitlərinin payı isə 20 faizə düşüb. 

Dövlət büdcəsindən qoyulan investisiyalarda azalma özəl sektordakı artımla əvəzlənməsə, o halda, iqtisadiyyatda durğunluq yarana, infrastruktur köhnələ, istehsal zəifləyə bilər. Unutmayaq ki, ümumi daxili məhsul formalaşmasında əsas mənbələrindən biri məhz dövlət xərcləridir. Ona görə də dövlət büdcəsindən əsaslı xərclərin azaldılması özəl sektorun investisiya qoyuluşundakı artımlara paralel şəkildə həyata keçirilməlidir. İqtisadiyyatda böyük addımlar atılan zaman kompleks yanaşma ortaya qoyulmalıdır, onun faydalı və zərərli təsirləri müqayisəli şəkildə təhlil edilməlidir. Elə etmək lazımdır ki, iqtisadiyyatın əldə etdiyi qazanclar uzunmüddətli dövrdə daha böyük olsun”.

Vasif
Sfera.az
 




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...