Bu iki rayona qayıdış, məcburi köçkünlərin 45 faizinin... – Qarabağın bərpa planı necə olacaq?

Bu iki rayona qayıdış, məcburi köçkünlərin 45 faizinin... – Qarabağın bərpa planı necə olacaq?
İşğaldan azad edilən ərazilərə qayıdışın mərhələlərlə, müəyyən qrafik əsasında həyata keçirilməsi gözlənilir. Azad edilən ərazilərdəki ağır vəziyyət, tələb edilən tikinti işlərinin həcminin böyük olması işlərin mərhələli icrasını zəruri edir.

İşğala məruz qalmış yaşayış məntəqələrinin əvvəllər mövcud olan tikililərin hamısı tamamilə dağıdılıb, kommunikasiya vasitələri sıradan çıxarılıb. Bu cür ərazilərdə yaşayışı, iqtisadi fəaliyyəti təmin etmək üçün yenidənqurma işləri aparılmalı, hər şeyə sıfırdan başlanılmalıdır.

 

 

İrihəcmli işlər həm də böyük maliyyə vəsaiti tələb edir. Bu məbləğ yüzmilyonlarla manatla deyil, bir neçə milyard manatla ifadə olunur.

 

 

Sfera.az xatırladır ki, 2004- 2019-cu illər ərzində məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,7 milyard manata yaxın vəsait xərclənib və bu vəsait hesabına 250 minə yaxın məcburi köçkününün mənzil-məişət şəraitini yaxşılaşdırmaq mümkün olub. 2019-cu ildə isə 3461 mənzil, 7 orta məktəb, 7 uşaq bağçası, 15 digər sosial təyinatlı obyekt istifadəyə verilib. İl ərzində məcburi köçkünlər üçün mənzillərin və digər sosial obyektlərin tikintisinə 169 milyon manat xərclənib.

 

 

İşğaldan azad edilən ərazilərdə qeyd edilənlərlə müqayisədə daha böyük həcmli işlər görülməlidir. İşğala qədər ərazilərdə 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti mövcud olub. Ötən 28 il ərzində məcburi köçkünlərin sayı artdığından tikilməli olan evlərin, məktəblərin, səhiyyə müəssisələrinin sayı daha çox olmalıdır.

 

Beləliklə, görüləcək işlərin həcmi böyükdür və bu işləri 2-3 il ərzində yekunlaşdırmaq çətindir. Buna görə də hökmən tikinti işləri mərhələli şəkildə həyata keçirilməlidir.

 

 

Bəs, ilkin mərhələdə hansı yaşayış məntəqələrinin bərpası daha məqsədəuyğun ola bilər?


 

Bunu müəyyən etmək üçün 2 meyar əsas götürülməlidir. Birincisi, qayıdacaq əhalinin sayı, ikincisi isə tikinti aparılacaq ərazinin yaxınlığıdır.

 

Bu meyarlar nəzərə alınarsa ilk növbədə Ağdam və Füzuli rayonlarının işğaldan azad edilən ərazilərində yenidənqurma işlərinin hayata keçirilməsi yaxşı olardı.

 

Ağdam və Füzuli rayonu əhalinin sayına görə işğala məruz qalan ən böyük rayonlardır. İşğal tarixində (1993-cü ildə) Ağdam rayonunun 146 min, Füzuli rayonunun 112 min əhalisi olub. 2020-ci ilin əvvəlinə olan məlumata əsasən, əhali sayı Ağdam rayonunda 205 min, Füzuli rayonunda 135 mindir.

Bu rayonların ərazisinin hamısı işğal edilməyib və bütün əhali məcburi köçkün olmayıb. 2019-cu ilin məlumatına əsasən Ağdam rayonu üzrə 161 min, Füzuli rayonu üzrə 70 mindən artıq məcburi köçkün var. Ümumilikdə iki rayon üzrə məcburi köçkünlərin sayı 230 mini ötür. 2019-cu ilin məlumatına əsasən ölkəmizdə 500 mindən bir qədər artıq məcburi köçkün statusu daşıyan şəxs var və onların 45 faizə yaxını Ağdam və Füzuli rayonlarının payına düşür. Deməli, bu iki rayona qayıdışı tam təmin etməklə məcburi köçkünlərin 45 faizə yaxınını öz yurdlarında yerləşdirmiş olacağıq.

 

 

Ağdam və Füzuli rayonları həm də ən yaxın işğaldan azad edilən ərazilərdir. Ərazi yaxınlığı rayonlara işçi qüvvəsinin cəlb edilməsini, tikinti işlərinin daha sürətlə həyata keçirilməsini asanlaşdıracaq. Məsafə yaxınlığı həm də əlavə xərcləri aradan qaldırır.

 

 

Hər iki rayon üzrə məcburi köçkün olanların sayı nəzərə alınarsa, işğaldan azad edilən ərazilərdə 40 mindən artıq mənzil inşaa edilməlidir. İnzibati binalar, sosial infrastruktur obyektləri, avtomobil yolları, kommunikasiya vasitələrini də nəzərə alsaq, işğaldan azad edilən ərazilərdə böyük miqyasda işlər görülməlidir. Bu işlərin ümumi dəyəri 2 milyard manatdan az olmayacaq. Bu dəyərdə işlərin yalnız dövlət büdcəsinin vəsaiti hesabına icra edilməsi mümkün deyil. Böyük ehtimalla dövlət lazım olan vəsaiti Dövlət Neft Fondunun aktivlərindən istifadə etməklə və müxtəlif mənbələrdən borc cəlb etməklə təmin edəcək.

 

 

Vasif

Sfera.az

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...