Yenə BNA, yenə problem, qalmaqal…
Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən şikayətçilərin sayı durmadan artır. Maraqlısı odur ki, Agentlik problem həll etmək əvəzinə şikayətçiləri haqsız çıxarmaqla məşğuldur. Bu dəfə isə ictimai fəal, journalist Zaur Xudiyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən öz narazılığını sosial şəbəkədəki hesabından bildirib. Jurnalistin yazdığı status olduğu kimi təqdim edirik:
"Keçən dəfə Anadolu Ajansının Bakı bürosunun rəhbəri, dostumuz Ruslan Rəhimovun şikayətindən sonra qurum üzə durub özünü haqlı çıxarmağa çalışsa da, yekunda ictimai rəyi qəbul edib yanlış qərar verdiklərini boyunlarına aldılar.
Bunun kimi yüzlərlə, minlərlə şikayət var, hər gün ən az bir nəfərin sosial şəbəkədə etiraz statusunu görürük ki, BNA-nın əlindən dad edir. Bu şikayətçilər bir az tanınmış, ictimai çəkisi, nüfuzu, ən azından facebookda sözü keçən adam olanda ajiotaj yaranır, saytlar xəbər hazırlayır və s. Əsas həngamə də bundan sonra başlayır.
Ən son Rəşad Məcid örnəyində olduğu kimi. Adam status yazıb, BNA-nın iş prinsipini sərt şəkildə tənqid edib və çox uğurlu ifadə seçib: Sürücülərə qan uddururlar.
Jurnalist dostlarımız da bunu xəbərə çevirib, saytlarında dərc ediblər. Əsl həngamə də bundan sonra başlayır. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Mais Ağayev və tərəfdaşlıq etdiyi mətbuat orqanlarının əməkdaşları olan dostlarımız xəbərə, Rəşad Məcidin şəxsinə elə şəkildə reaksiya verdilər ki, əlim üzümdə qaldı.
Hətta dostlarımız iddia edirlər ki, Rəşad Məcidin özünə cərimə yazılıb deyə, bu qədər hay-küy salıb, yoxsa heç vecinə də deyildi. Bunun məsələyə nə dəxli olduğunu anlaya bilmədim, ya zəlzələdən, ya vəlvələdən, fakt budur ki, haqqınızda şikayət var, araşdırın, baxın, yoxlayın, yoxsa başınıza da bir dəstə adamı toplayıb şikayətçini niyə təhqir edirsiz?
Mən əminəm ki, Rəşad Məcid və ya onun mövqeyində olan hər hansı bir adam şikayətini şəxsən, quruma, onun mətbuat xidmətinə müraciət edərək bildirsəydi, hətta haqsız olsa belə, işi tezbazar həll ediləcəkdi, amma ictimai müzakirə heç kimə sərf eləmir axı. Onda bir belə vaxtdı zor-xoş yaradılmış imic, görüntü zədə alır, xarizma cızılır.”
P.S. Yəqin Bakı Nəqliyyat Agentliyi bu şikayətlərdən nəticə çıxardacaq.







