Logo

Prezidentdən ölkə mətbuatına növbəti dostluq jesti: “Bir çox məsələləri mediadan öyrənirəm…”

Prezidentdən ölkə mətbuatına növbəti dostluq jesti: “Bir çox məsələləri mediadan öyrənirəm…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda mətbuat və söz azadlığının təmin edilməsi, mətbuatın inkişafına dövlət dəstəyinin artırılması, bu sahədə çalışanların mənzil şəraitinin yaxşılaşdırılması, eləcə də Kütləvi İnformasiya Vasitələrinin sərbəst fəaliyyəti üçün tam münbit mühütün formalaşdırılması günümüzün danılmaz reallıqlarındandır. Bütün istiqamətlərdəki inkişaf göstəricilərinə görə Cənubi Qafqazın lider dövləti olan ölkəmizdə mətbuatın inkişafı, fəaliyyətini müasir tələblər səviyyəsində qurması üçün göstərilən dövlət qayğısı xüsusi vurğulanmalıdır.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verməsi və həmin müsahibədə ölkə mediası haqda səsləndirdiyi müsbət fikirlər də bu sahədə görülən ardıcıl tədbirlərin nəticəliliyindən xəbər verməkdədir.

Sfera.az xatırladır ki, ölkə həyatının ayrı-ayrı sahələrindən, bölgədəki geosiyasi durumdan, nəzərdə tutulan sosial-iqtisadi inkişaf perspektivlərindən söhbət açılan müsahibədə cənab prezident ölkə mətbuatının nüfuzundan, proseslərə təsir imkanlarından da danışıb:

"Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır”.

Göründüyü kimi, "öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm” deyən ölkə başçısı bununla həm də inkişaf etməkdə olan yerli mətbuatın nüfuzuna işarə vurmuş oldu. Bəli, indi heç kimə sirr deyil ki, mətbuat sahəsində bir vaxtlar hökm sürən xaos, qeyri-peşəkarlıq, dezinformasiyaların dövriyyəyə buraxılması kimi neqativ hallar nəzərəçarpacaq dərəcədə azalıb. Bu bir yandan oxucunun həmin informasiyalardan könüllü imtinası nəticəsində baş veribsə, digər tərəfdən də mətbuatın inkişafına məsul olan səlahiyyət sahiblərinin gərgin əməyinin nəticəsi kimi nəzərdən keçirilməlidir.

Prezident həmin müsahibəsində daha çox xarici mediaya müsahibə verməsi məsələsinə də aydınlıq gətirib: "Bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim ki, bu barədə də öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır. Ona görə bu məsələ ilə bağlı iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq”.

Prezidentdən ölkə mətbuatına növbəti dostluq jesti: “Bir çox məsələləri mediadan öyrənirəm…”

Dövlət başçısı bu geniş və dolğun açıqlaması ilə bir daha xüsusi vurğulamış oldu ki, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından onun xarici media quruluşlarına müsahibələr verməsi nə qədər təbiidirsə, onun Azərbaycan mətbuatına açıq olması da o qədər prioritet təşkil edir. Hesab edirik ki, bu haqlı olaraq "mətbuatın dostu” adlandırılan Prezident İlham Əliyevin doğma mediaya növbəti dostluq jesti idi.

Prezident daha sonra islahatlar dalğasının bundan sonra da davam edəcəyini bəyan edib: ” 2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi.

Prezidentdən ölkə mətbuatına növbəti dostluq jesti: “Bir çox məsələləri mediadan öyrənirəm…”

Onu da deməliyəm ki, Azərbaycanda islahatlar müntəzəm olaraq keçirilir. İslahatların əsasını ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur. Məhz o ildən başlayaraq Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoymuşdur. Əgər biz o illəri xatırlasaq görərik ki, ən böyük siyasi islahatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, hakimiyyətə gələnə qədər Azərbaycanda senzura mövcud idi. Siz də o vaxt gənc jurnalist kimi bu senzura şəraitində fəaliyyət göstərirdiniz. Senzuranın ləğv edilməsi Heydər Əliyev tərəfindən aparılan çox ciddi islahat idi. Azərbaycana sərmayə qoyuluşunun, xarici sərmayə qoyuluşunun cəlb edilməsi işində çox böyük islahatlar aparıldı. "Əsrin müqaviləsi”, – o vaxt postsovet məkanında bunun tayı-bərabəri yox idi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə bu islahatlar aparıldı. Torpaq islahatı, hansı ki, biz bu gün də onun qoyduğu yolla gedirik və Azərbaycanda fermerlər torpaq vergisi istisna olmaqla, heç bir başqa vergi vermirlər. Bilmirəm dünyanın hansı ölkəsində buna oxşar mənzərə var?”

Prezident aparılan məqsədyönlü siayasətin müsbət nəticələrindən də söz açıb: ”Biz birinci dəfə Dünya Bankının "Doing Business” hesabatına 2006-cı ildə düşmüşük. O vaxt biz təqribən, 90-cı, 95-ci və ya 96-cı yerdə idik. Bu gün biz 25-ci yerdəyik. Bu, ciddi islahatdır. Bu, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahatdır. Baxın, biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik. Bu, çox ciddi məsələdir. Ona görə islahatların bugünkü mərhələsi əvvəlki dövrlərdə aparılmış islahatların məntiqi nəticəsidir. Bu gün isə qarşımızda yeni vəzifələr durur, yeni çağırışlar dayanır. Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüquq prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdir ki, aparırdıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq. Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamla atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq.

Ona görə 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır”.

Biz dövlət başçısının xalqına vəd etdiyi böyük hədəflərin tezliklə reallaşacağına inanırıq. Çünki prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən vəd etdiyi bütün göstəricilərə nail olub. Sirr deyil ki, bu gün Azərbaycan İlham Əliyevin müdrik rəhbərliyi altında özünün dinamik inkişaf dövrünü yaşayır, bütün dünyada müşahidə edilən iqtisadi böhran fonunda ölkəmizin dayanıqlı sosial-iqtisadi göstəriciləri isə onu düşünməyə əsas verir ki, həmin inkişaf dönməz və əbədidir. Bizim media olaraq üzərimizə düşən bir nömrəli vəzifə isə dövlətimizə və prezidentimizə bu istiqamətdə əlimizdən gələn yardımı göstərmək, azad mətbuata yaradılmış bu münbit şəraitdə səylərimizi həmin məqsəd uğrunda səfərbər etməkdir.

Özal Məmmədov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR