Britaniyanın ən böyük boşanma məhkəməsi Fərhad Əhmədovun xeyrinə yekunlaşdı
Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun milyon dollarlıq məhkəmə işi yekunlaşıb.
Sfera.az bu barədə "Bloomberg”ə istinadən xəbər verir.
Belə ki, Əhmədov keçmiş həyat yoldaşı Tatianaya 186 milyon dollar ödəməyi qəbul edib. İş adamının sözçüsü açıqlamasında Tatiana Əhmədovanın 2016-cı il məhkəmə qərarının təxminən üçdə biri qədər olan nağd və sənət hesablaşmasını qəbul etdiyini deyib.
Razılaşmaya əsasən, Əhmədovun "Luna” adlı 115 metrlik yaxtası onun özündə qalır.
Qeyd edək ki, Tatiana Əhmədova 1993-cü ildə evləndiyi Fərhad Əhmədovdan boşanmaq üçün 2003-cü ildə məhkəməyə müraciət edib. Həmin dövrdə Fərhad Əhmədov evliliklərinin onsuz da 2000-ci ildə yoldaşının onu aldatması səbəbilə bitdiyini və Moskva məhkəməsi nəzdində boşandıqlarını söyləmişdi. Buna baxmayaraq, Moskva məhkəməsində boşanma ilə bağlı hər hansı bir sənəd tapılmadığı üçün proses davam edib. 2018-ci ildə isə Moskva məhkəməsi cütlüyün boşanmadığını açıqlayıb.
Bundan sonra İngiltərə məhkəməsində məsələni həll etmək istəyən Fərhad Əhmədov burada da problemlə üzləşib. Belə ki, məhkəmə sistemi Tatiana Əhmədovanın rus oliqarxın sərvətinin 41.5 faizini –(təxminən 453 milyon İngilis funt-sterlinq) ala biləcəyi ilə bağlı qərar verib. Bu qərarla cütlüyün boşanması İngiltərədəki ən böyük boşanma statusunu alıb. Lakin Fərhad Əhmədov İngiltərə məhkəməsinin qərarının "tualet kağızı" olduğunu deyərək heç bir ödəmə həyata keçirməyib.
Xatırladaq ki, cütlük 1989-cu ildə tanış olub və dörd il sonra evlənib.İnci






