Yerli turizm otellərində “hər şey daxil” paketi niyə yoxdur? – Ekspert sualları cavablandırıb
Türkiyə, eləcə də digər ölkələrdə otellər xidmət təklif edərkən "hər şey daxil" paketi təqdim edir və müəyyən məbləğ ödəməklə bütün imkanlardan faydalanmaq mümkün olur. Bizdə isə vəziyyət fərqlidir. Otellərdə qiymətlər yüksək olmaqla yanaşı göstərilən məbləğə yalnız gecələmək və sevindirici halda səhər yeməyi əlavə edilir.
Maraqlıdır, vəziyyətin belə olması nədən qaynaqlanır? Digər ölkələrdə olduğu kimi bizdə də otellər bütün imkanları özündə birləşdirən paketlər təqdim edə bilməzmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Turizm Agentliklər Assosiasiyasının üzvü Kənan Hənifəyev Türkiyədə otellərin qazanc əldə etdiyi halda Azərbaycanda otellərin bu üsulla ziyana uğrayacağını bildirib:
"Dünya turizmində "All inclusive", yəni hər şey daxil konsepsiyasının turistlərə aşılayan və daha çox bu yöndə xidmət göstərən Türkiyə turizm otelleridir. Bu da əsasən resort otellərdə rastlanan haldır. Bu konsepsiyanı ərsəyə gətirməyin çətin və asan yolları var. Bildiyiniz kimi, bu konsepsiya ilə bizim səyahətsevərlər əsasən Antalya, Bodrum, İzmir kurort zonalarında və İspaniya kurortlarında tanış olublar.
Bu sistemin ölkəmizdə tətbiqi və icraatı gələcək üçün mümkün, indiki dövr üçün çətindir. Çünki Türkiyə resort otellər ilin əvvəlindən yay üçün otel nömrə fondunun 60-65%-ni satış edərək, sezon başlamadan turist sayının xidmətini artıq planlayır və buna da uyğun olaraq "hər şey daxil” konsepsiyasının strateji planlamasını aparır. Bildiyiniz kimi burda xidmət və qidalanma əsas amillərdən biridir ki, otel sahibkarları ziyana getməmək üçün prosesi sığortalayaraq, hətta gəlir də əldə edirlər. Bizdə isə vəziyyət fərqlidir və bu tip konsepsiyada fəaliyyət göstərmək sahibkar üçün ziyana bərabərdir".
Ekspert ölkədə otellərin xidmət səviyyəsindən də danışıb:
"Qiymətlərin ümumi olaraq baha olması həmin regionlarda rəqabətin olmamasından qaynaqlanır. İkinci məsələ bəzi otellərin peşəkar yöndə idarəetməyə önəm verməməsidir. Buna baxmayaraq, həmin otellər tam dolu olurlar. Nə qədər müxtəlif ulduzlu otellər olsa o qədər qiymət sabitləşir və turist uğurunda mübarizə də xidmətə və extra xidmətlərin olması üçün işlər görməyə əsas verir".Əzizə Zeynal
Sfera.az





