“Qarabağa heç olmasa, 1,5 milyon sakin köçürə bilməsək...” – Natiq Cəfərlidən açıqlama
"Yaxın 10 ildə işğaldan azad olunmuş ərazilərimizə heç olmasa, 1,5 milyon sakinin köçürülməsi və normal yaşayışını təmin edə bilməsək, strateji olaraq uduzacağıq”.
Bu sözləri Sfera.az-a açıqlamasında Bakıda cəmlənən əhalinin mühüm hissəsinin Qarabağa könüllü gedişinə və burada əhalinin ciddi artımına nail olmaq üçün hansı addımların atılması vacibliyindən danışarkən, ReAL-ın icra katibi Natiq Cəfərli deyib:
"Buna nail olmaq üçün fürsət və imkanlar yaradılmalıdır. Tək evlərin tikintisi, mənzillərin bərpası yetərli deyil. İqtisadi fürsətlərin yaradılması üçün ardıcıl addımlar atılmalıdır. Bu istiqamətdə atılması vacib addımlardan biri həmin ərazidəki 2-3 şəhərdə bir neçə yeni universitetin yaradılması, yaxud da Bakıdakı bəzi universitetlərin ora köçürülməsidir. Universitetlər şəhər yaradacaq və yaşayışı təmin edəcək obyektlərdir. Hər bir universitetdə 15-20 min tələbənin oxuması istər-istəməz iqtisadi canlanmaya gətirəcək. Habelə bəzi dövlət qurumları da işğaldan azad olunmuş rayonlara köçürülməlidir. Kənd Təsərrüfatı Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, tikinti işlərinə baxan nazirlik və dövlət idarələri həmin regiona köçürülməlidir”.
Ekspertə görə daha yaxşı yanaşma isə həmin bölgələrdə investisiya, yatırımlar üçün gözəl şəraitin yaradılmasından keçir: "Təşviq, dəstək proqramları əhalinin təbii yolla bu ərazilərimizə köçmələrini stimullaşdıracaq. Bu məsələlərin həllinə nail olmaq üçün kifayət qədər alət və fürsətlər də var. Sadəcə, hökumətin işğaldan azad olunmuş ərazilərə qlobal baxışı, vizionu, əlaqələndirilmiş şəkildə şəhər və qəsəbələrin yaradılması, böyüdülməsi prinsipləri olmalıdır”.N. Cəfərli təəssüflə bildirdi ki, hələlik bu istiqamətdə pərakəndəlik hökm sürür: "Yalnız "ağıllı kənd”, "ağıllı şəhər” tipli reklam xarakterli layihələr var. Amma onların alt yapısı yoxdur, davamlılığı sual doğurur”.
Rüfət SULTAN





