Deputatlar yay tətilini harada keçirəcək? – “Azərbaycanda dincələcəm, amma qiymətlər bahadır...”
Artıq hər kəs yay istirahətini necə keçirəcəyi ilə bağlı planlar qurur, səyahət çantalarını hazır edir. Məzuniyyət üçün bölgələri seçənlər də var, xarici ölkələrə üz tutmaq istəyənlər də...
Maraqlıdır, görəsən Milli Məclisin deputatları yay tətilini harada və necə keçirəcək?
Sfera.az əməkdaşı bu sualla cavab almaq məqsədilə parlament bir sıra üzvlərinə müraciət edib.
Deputat Azər Badamov istirahət üçün Qusar rayonunun ən uyğun bölgə olduğunu hesab edir:

"Yay tətilində seçildiyim Qusar rayonunda olacam. Bu rayonun təbiəti, gözəlliyi kənardan da turistlərin marağına səbəb olur. Kimsə yay tətilini harada keçirməyini planlaşdırmayıbsa, o adamlara da Qusarı tövsiyə edirəm. Qusarın bir tərəfi Xəzərdir, bir tərəfi Şahdağ. Yayın kefini çıxartmaq üçün ən potensial yer kimi məhz bu rayonu görürəm. Hələ ki, pandemiya dövrü olduğu üçün xaricə səfər planlaşdırmıram".
Deputat Məlahət İbrahimqızı da tətili Azərbaycanda keçirməyi düşünür:

"Yay tətilini gözəl vətənimdə keçirəcəm. Tətil boyunca rayonlarda da ola bilərəm, Bakıda da".
Deputat Rüfət Quliyev istirahətinin böyük hissəsini ailə üzvləri ilə birgə Lənkəranda keçirəcəyini deyib:

"Yay tətilini Lənkəranda və Bakıda keçirməyi düşünürəm. Lənkəran mənim doğma məkanımdır, ola bilsin, başqa rayonlarda da qonaq oldum. Məsələn, Qəbələ və Mingəçevirdə də bir neçə gün dincələ bilərəm. Tətili daha çox ailə üzvlərimlə keçirirəm. Lakin bu müddət ərzində dostlarla da istirahət edəcəm".
Deputat Cavanşir Paşazadə ölkədaxili turizmdə qiymətlərin yüksək olduğunu deyib: "Hələ ki, xaricdə istirahətlə bağlı fikrim yoxdur. Çünki ən gözəl yerlər elə Azərbaycandadır. Yay tətilimi bu səbəbdən Azərbaycanda keçirməyi düşünürəm. Eyni zamanda pandemiya ilə bağlı kənara çıxa bilmədiyimiz üçün diqqətimizi Azərbaycanın rayonlarına verməli olduq. Əvəllər istirahətlə bağlı bögələrə elə də əhəmiyyət vermirdik. Müşahidə etdikdə görürük ki, bütün rayonlarımız gözəlləşir. Məncə Azərbaycanda istirahət etməyə dəyər. Lakn turizm sektorunda qiymətlər aşağı olsa daha yaxşı olar. Belə olsa, hər kəs istirahət edə bilər.

Özüm cənub bölgəsindən olduğum üçün Lerik, Lənkəran, Yardımlı istiqamətinə üstünlük verəcəm. Eyni zamanda Qəbələ və digər bölgələrə də getməyi planlaşdırıram".
Deputat Elman Məmmədov istirahətlə bağlı ənənəsinə sadiq qalacağını deyib:

"Həmişə olduğu kimi tətili doğma Azərbaycanda keçirəcəm. İstirahətimi Bakı şəhərində və Goranboyda keçirməyi düşünürəm. Lakin digər rayonlara üz tuta bilərəm".
Deputat Naqif Həmzəyev istirahətini Gəncə şəhərinə yaxın ərazilərdə keçirməyi düşünür:

"Hazırda növbədənkənar iclaslar davam edir, Həmkarlar Təşkilatlarına müraciət etmişik. Əgər yayda istirahət üçün ayrılan kurort mərkəzlərində yer versələr, həmin ərazilərdə bir müddət istirahət edəcəyik. Bundan başqa Gəncəyə yaxın ərzailərdə - Göygöl, yaxud Daşkəsəndə olmağı düşünürəm. İşlə bağlı uşaqlara çox vaxt ayıra bilmirəm. Ona görə də istirahəti ailəmlə birgə keçirməyi düşünürəm".
Deputat Musa Qasımlı yay tətilini Yardımlıda keçirəcək:

"Yay istirahətini Azərbaycanda keçirəcəm. Çox güman ki, tətil boyu Yardımlıda, eləcə də digər bölgələrdə olacam".
Deputat Tahir Rzayev yay tətilini Lerikdə, istirahət mərkəzlərində keçirəcəyini deyib:

"İstəyirəm, yay tətilini Lerikdə keçirim, orada yaxşı istirahət mərkəzləri var. Bundan başqa Şamaxıda da istirahət etmək üçün gəzməli, görməli yerlər çoxdur. Qalan vaxtları isə Bakıda olmağı düşünürəm".
Deputat Aqil Abbas isə Bakıdan başqa getməyə yerinin olmadığını bildirib:

"Pandemiyadan əvvəl Yesentukidə dincəlirdim. İndi isə Bakıdan başqa dincəlməyə yerim yoxdur. Yəqin ki, istirahət müddətində Bakıda, Ağcabədidə, Bərdədə olacam. Lakin bu rayonlara da işlə əlaqəli gedəcəm. İstiarhət etmək üçün bağ evim də yoxdur. Keçən il də Bakıda idim, bu il də elə olacaq. Bakıya nə olub? Allah qoysa gələn il yay tətilini Kəlbəcərdə, Şuşada keçirəcəm. Ola bilsin ki, bu il Kəlbəcərə ailəmlə səfər edim".
Deputat Müşfiq Məmmədli istirahətini qərb bölgələrində keçirməyi planlaşıdırır:

"Yay tətilində Azərbaycanda olacam. İstirahəti əsasən qərb bölgələrində - Şəmkirdə, Tovuzda, Qazaxda keçirməyi planlaşdırıram".
Əzizə ZeynalSfera.az






