Azərbaycanın turizm cənnətində gördüklərimiz – İstirahət üçün niyə məhz İsmayıllını seçməliyik? - FOTOLAR
Ölkəmizin rəngarəng və zəngin təbiəti turizm sektorunun inkişafı üçün əlverişli imkanlar yaradır. Xüsusilə də son illər ölkənin turizm potensialından lazımınca istifadə olunması, yeni turizm infrastrukturlarının yaradılması bu sektorun dirçəlməsinə səbəb olub. Elə bunun nəticəsidir ki, son bir neçə ildə daxili turizm əhali üçün daha əlçatan və cəlbedici olub. Bu baxımdan dilbər guşələrimizdən olan İsmayıllı rayonunda da böyük layihələr həyata keçirilir.


Son aylarda turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən işlər isə rayona gələn turist sayının əhəmiyyətli şəkildə artmasına səbəb olub. Sevindirici hal isə həm də odur ki, indi İsmayıllıya üz tutanlar təkcə ölkə əhalisi ilə yekunlaşmır, İsmayıllı xarici turistlər üçün də cəlbedici məkana çevrilib.
Sfera.az olaraq bu günlərdə İsmayıllı rayonuna səfər etdik. Həm dincəlmək imkanından yararlandıq, həm də rayonda həyata keçirilən son quruculuq işləri ilə yaxından tanış olduq. Beləliklə...
İsmayıllı rayonu haqda ümumi məlumat
İsmayıllı rayonunun ərazisi 2074 kv.km, əhalisi 01.01.2021-ci il tarixə 87867 nəfərdir. Rayon 1931-ci il noyabr ayının 24-də yaradılıb. İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur.
Rayon ərazisində 2 şərab zavodu, bir kərpic zavodu, 2 asfalt zavodu, bir beton zavodu, 21 turizm-istirahət mərkəzi, 12 bank filialı və bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və 12 ibtidai məktəb, 10 məktəbəqədər təhsil müəssisəsi, 3 xəstəxana, 11 həkim məntəqəsi, 2 poliklinika, 24 tibb məntəqəsi, bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət qoruğu (Lahıc, Basqal), 5 qala, 233 mədəniyyət abidəsi, Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, 1 mədəniyyət mərkəzi, 7 mədəniyyət evi, 26 klub, 4 mədəniyyət və istirahət parkı, mərkəzi kitabxana sisteminin əhatə etdiyi 49 kitabxana filialı, 1 incəsənət məktəbi, 1 rəsm qalereyası, 1 Turizm İnformasiya Mərkəzi, 1 Peşə Tədris Mərkəzi və ismayıllı Dövlət Humanitar və Texnalogiya Kolleci mövcuddur.
Babək küçəsində gördüklərimiz...
Son zamanlar bu rayonda görülən ən maraqlı işlərdən biri də küçələrin xüsusi dizaynla bəzədilməsidir. Hələ İsmayıllıya yola düşmədən öncə Babək küçəsinin tərifini eşitmişdik. Elə şəhərə daxil olan kimi yolumuzu buradan saldıq. Burada divarların bəzədilməsi işi son sürətlə davam edirdi. Təsadüfən İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovu da Babək küçəsini gözəlləşdirən rəssamlarla söhbətləşərkən gördük. İcra başçısı bizi də söhbətə daxil edərək şəhərdəki son yeniliklər barədə məlumat verdi.

Onun sözlərinə görə, Babək küçəsi yenidən qurulur, hasarlar və evlərin fasadları müasir formada yenilənir. Yenilənən divarlara rayonun gənc rəssamları fərqli freska və qrafiti nümunələri çəkir, darvazalar rənglənir, yeni skamyalar qoyulur, pəncərələrin önü rəngarəng dibçək gülləri ilə bəzədilir.
Həmsöhbətimiz Gənclərin İnkişaf Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin direktoru İsmayıl Faxtıyev deyir ki, ilk dəfə Balaxanıda dizayn edilən küçələri görüb və bunu İsmayıllıda da tətbiq etmək qərarına gəliblər:

"Lakin oradan fərqli olaraq, bu işlə məşğul olanların hamısı bizim öz rəssamlarımızdır. İsmayıllının təbiət baxımından turizm potensialı böyük olsa da, dekorativ işlər yox idi. Həm rayon gənclərinin, həm də rayonun turizm potensialını ortaya çıxarmaq üçün "Street Art” layihəsi üzərində düşünməyə başladıq. Bacaracağımıza əmin idik. Bunu təklif kimi hazırlayıb icra başçımıza təqdim etdik, razılıq verildi və işlərə may ayının sonundan başladıq”.
"Bu, turistlərin böyük marağına səbəb olub”




Bu ayın sonuna bitirilməsi planlaşdırılan işlər təkcə Babək küçəsi üçün deyil, digər yerlər üçün də nəzərdə tutulub. İ.Faxtıyevin sözlərinə görə, hazırda sözügedən küçədə iki tipli rəsmlər çəkilib. Birincisi, insanların istifadə edə biləcəyi 3D formatlı rəsmlər, digəri isə sırf dekorativ xaratker daşıyan, yəni evlərə uyğun olaraq çəkilən çiçəklər, ağaclar, eyvan və s. rəsmləri. Bundan əlavə, küçədə dekor işləri də görülür. Qonaqlar, yerli əhali burada taxta pəncərələr, süni sarmaşıqlar, çiçəklər görə biləcək. Həmçinin damların fasad örtüyünün dəyişdirilməsi, qaz turbalarının yenidən rəngləndirilməsi, təzə skamyaların gətirilməsi də planda var. Bütün bunlarla isə 5 rəssam məşğul olur. Həmsöhbətimiz vurğulayıb ki, görülən işlərə yerli sakinlərin, eyni zamanda rayona gələn turistlərin diqqəti, marağı çox böyükdür.
Babək küçəsindən danışmışkən, İsmayıllıdakı Heydər Əliyev parkından da söz açmaq yerinə düşərdi. Burada hazırda attraksionlar, yeni trenajorlar quraşdırılıb. Bununla yanaşı, yenidənqurma işləri çərçivəsində parkda yeni bəzək gül kolları və ağaclar əkilib, oturacaqlar, işıq sistemi dəyişdirilib, fəvvarədə cari təmir işləri aparılıb.




Şahdağ Milli Parkının İsmayıllı bölməsi
İsmayıllıya gələnlərin yolu Şahdağ Milli Parkından da mütləq keçir. Bu park Quba, Qusar, Oğuz, Qəbələ, Şamaxı və İsmayıllı rayonlarının ərazisində yerləşir. Ümumiyyətlə, milli parkda çoxlu sayda nadir və nəsli kəsilməkdə olan heyvan növləri və bitkilər var. Heyvan növlərindən əsasən, Avropa cüyürü, nəcib maral, qonur ayı və digər heyvanlar burada məskunlaşıb. Ötən ilin may ayında ölkəmizə Qafqazda tarixən məskunlaşmış zubrlar gətirilib.
Xatırladaq ki, Qafqaz zubrları IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Almaniya, Fransa və Belçika zooparklarından ölkəmizə, Şahdağ Milli Parkının İsmayıllı bölməsinə gətirilib. İlkin mərhələdə zubrlar burada volyerlərə (heyvanların saxlanması üçün meydança) yerləşdirilib. Bir müddət adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkına buraxılıb. Hazırda parkda 15 baş zubr var, balaların sayı isə üçə çatıb.
"Ögey ana"
"Ögey ana” filmini izləməyən tamaşaçı yəqin ki, yoxdur. Ekran əsərinin çəkilişləri 63 il əvvəl İsmayıllının dağ kəndlərində lentə alınıb. Bu film məhz 1958-ci ildə İsmayıllının Qalacıq, Buynuz və İstisu kəndlərində çəkilib. Buraya baş çəkmişkən "İsmayıl" ilə şəkil də çəkdirdik.


Sehrli Qaranohur gölü
İsmayıllı rayonunda yüksək dağ zirvəsində qərarlaşan Qaranohur gölü macəra sevən turistlərin ən çox üz tutduğu məkanlardandır. İsmayıllı şəhərindən 8 km şimal-şərqdə, dəniz səviyyəsindən 1520 m yüksəklikdə yerləşən Qaranohur gölü rayonun gələcək turizm mərkəzlərindən biri kimi nəzərdən keçirilir.Gölün minerallaşması yüksəkdir. 1000 mq/l-i keçmir. Bu gölün suyu kənd təsərrüfatı üçün əlverişli deyil. Yayda suyun temperaturu 15°С təşkil edir. 1959-1960-cı illərdə H.İ.Zamanov və R.B.Tarverdiyev göldə hidroloji işlər aparıb və gölün sutkalıq temperaturunu ölçüblər. Nəticədə günlük amplitud 27,7° - 18,0°С arasında dəyişdiyi müəyyən edilib.

Sahildən aralandıqca Qaranor gölünün ortasında şəffaflıq maksimuma çatır. Göl ehtimalən Mezozoy dövrünün sonu, Kaynozoy erasının əvvəlində baş vermiş konvergensiya prosesləri nəticəsində yaranmış tektonik proseslərin nəticəsində yaranıb. Gölə gedən cığır yollar 2006-cı ildə qurulub. Hazırda isə gölə aparan yolun yenidən qurulması nəzərdə tutulur.
İki günə sığdırdığımız səfər çərçivəsində İsmayıllı rayonunun turizm imkanları və potensialı haqda çox şeylər öyrəndik. Planlaşdırılan layihələrin uğurla həyata keçirilməsindən sonra isə daha füsunkar turizm məkanları görəcəyimiz ümidilə İsmayıllıdan ayrıldıq.






Hazırladı: Günay Rəsulqızı
Fotolar: Səbuhi Elnur





