Rusiyada qorxu saçan koronavirusun Delta variantı Azərbaycana da ayaq aça bilər? – “Qarşısını almaq çətin olacaq...”
Rusiya ilə sərhədlərin açıq olduğunu nəzərə alsaq, yeni mutasiyanın Azərbaycanda da yayılması istisna hal kimi görünmür.
Görəsən, Delta variantının Azərbaycanda yayılma ehtimalı nə qədərdir?
Məsələ ilə bağlı Sfera.az-a danışan "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski Rusiyaya uçuşlarla bağlı hansısa dəyişikliyin olmadığını bildirib:
"Rusiya ilə gediş-gəlişin ləğv olunması qərarı hökumət tərəfindən verilə bilər. Bizdə vəziyyətdə dəyişiklik yoxdur. Rusiya üzrə uçuşlar əvvəlki qaydada təşkil edilir".
İnfeksionist İlham Bayramov isə saytımıza açıqlamasında yeni növ virusun təhlükəli olduğunu deyib. Həkim virusun yayılmasının fəsadlarla nəticələnəcyini vurğulayıb:
"Əgər ölkəyə gələn rusiyalı turistlərdə bu xəstəlik varsa, Azərbaycanda da koronavirusun Delta variantı yayıla bilər. Düzdür, turistlər ölkəyə gələrkən test verirlər, lakin xəstəliyin inqubasiya dövrü olur ki, bu zaman yoluxmuş olsan belə test nəticəsi mənfi olur. Əgər xəstəliyin yeni növü ölkəmizdə yayılarsa, bunun qarşısını almaq çətin olacaq. Bu baxımdan hər kəs vaksinasiyaya əvvəlkindən daha ciddi yanaşmalıdır".
Qeyd edək ki, Rusiya Azərbaycana iyunun 28-dən etibarən uçuşların sayını artırmağı planlaşdırır.
Əzizə Zeynal
Sfera.az






