“Ailədəki iqtisadi yükdən qurtulmağa çalışırlar” – Sosioloq erkən nikahın səbəblərindən danışdı
"Bu hadisələr pandemiyanın fəsadlarıdır. Hələ daha pis nəticələrlə qarşılaşacağıq”.
Bunu Sfera.az-a açıqlamasında tanınmış hüquq müdafiəçisi Mehriban Zeynalova Masallıda 8-ci sinif şagirdinin 38 yaşlı kişiyə nişanlanmasından danışarkən deyib.
O bildirib ki, erkən nikahlarla bağlı qanunvericilikdə cəza tədbirləri gücləndirilsə də, şüur dəyişməyib: "İlyarım ərzində uşaqlar məktəblərə getsəydi, nəzarət mexanizmi olardı. Halbuki bu müddətdə uşaqlarda təhsilə maraq da azalıb. Övlarları ilə ciddi məşğul olan ailələrin vəziyyəti fərqlidir. Amma elə ailələr var ki, öz potensialı yoxdur. Ümumiyyətlə, bu proses yeni deyil, uzun zamandır davam edir. Valideynlər qızlarını daha yaşlıya verdikcə, guya onda əminlik hissi yaranır. Sanki həmin adam daha ailəcanlı, müdafiə edən olacaq və qızı bununla sığortalacaq. Təcrübə göstərir ki, bu belə deyil. Hətta belə bir misal var: Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq. Bunu rəhbər tutan valideynlər övladlarını yaşlı insanlara verirlər. Erkən nikah qurbanlarının çoxunun tərəf müqabilinin yaşca böyük olduğunun şahidi oluruq”.
Müsahibimiz qeyd edib ki, problemlə bağlı ictimai münasibətləri dəyişmək lazımdır: "Həmin adamları qınamadıqca, məclislərdən imtina etmədikcə bu, belə davam edəcək. Düşünürəm ki, yerli icra hakimiyyətlərinin monitorinq qrupları da aktiv olmalı, könüllülər yığmalıdırlar. Gənclərdən təşkil olunan dəstək qrupları yaratmaq, bu cür məsələlərin aşkarlanmasında kömək almaq, qarşısını almaq olar”.
Sosioloq alim Əhməd Qəşəmoğlu saytımıza açıqlamasında deyib ki, erkən nikahlara daha çox cənub bölgəsində rast gəlinir: "Valideynlər qızlarını oxutmayacaqlarını, təhsil üçün Bakıya övladlarını göndərməyin çətinliyini, mühitin təhlükəli olduğunu və buna görə qorxduqlarını deyirlər. Digər tərəfdən dünyagörüşləri zəifdir və övladlarını oxutmadığı hallarda evləndirməyə, ailədəki iqtisadi yükdən qurtulmağa çalışırlar. Düşünürlər ki, qızın yaşı 18-i keçərsə, onunla ailə həyatı quran olmayacaq və ya əxlaqsız yola düşəcək. Valideynlərin özü ilə lazımi şəkildə maarifləndirmə işləri aparılmır”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, bu istiqamətdə nəzarət də aşağı səviyyədədir: "Biz bu kimi məsələlərlə bağlı İctimai Nəzarət Mərkəzi yaratmışıq. Bir neçə gün əvvəl, oxşar məlumat gəldi və bildirdilər ki, Salyanda 13-14 yaşlı qızı 30 yaşlarında kişi ilə evləndirmək istəyirlər. Dərhal müdaxilə etdik , valideynlərdən izahat aldılar və həmin toy baş tutmadı. Deməli, bir nəzarət olmalı, hər tərəfdən məlumatlar toplanılmalıdır. Həmin insanları yalnız tənqid etməklə, "gerizəkalıdır” deməklə problem həll olmur. Ölkədə humanitar sahədə boşluq var, lazımi işlər getmir. Bu sahədə ciddi fəaliyyət proqramının hazırlanmasına, həyata keçirilməsinə ehtiyac var”.
Günay Rəsulqızı





