“Satışda at və eşşək əti ilə yanaşı murdar olmuş heyvanlar da var” – AİB sədrindən vacib açıqlama
Ət satışı zamanı istehlakçıların aldadılması, mal əti adı altında onlara at və ya eşşək ətinin təqdim edilməsi halları qalmaqdadır. Bununla bağlı dəfələrlə əməliyyatlar keçirilsə də, qanunsuz satışın qarşısını almaq mümkün olmur və təbii ki, bu da istehlakçıların narahatlığına səbəb olur.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məsələ ilə bağlı Sfera.az-a açıqlamasında deyib ki, bu istiqamətdə qanunda çoxlu boşluqlar mövcuddur:
"Azərbaycanda at ətinin satışı qadağan olunmayıb. 4 il bundan öncə, Kənd Təsərrüfatı nazirliyinin idarə rəisi öz çıxışında hər bir əti satmağın mümkün olduğundan söz açmışdı. Bir şərtlə ki, ətin adı yazılsın, istehlakçılar aldadılmasın. Əgər dövlət orqanı cəmiyyətə bu cür mesaj veribsə, o zaman, əlbəttə, at, eşşək atı satanlar fəallaşacaqlar. Bu problem hələ də yaşanır və təəssüflər olsun ki, nəinki, sağlam at əti, hətta ölmüş, murdar olmuş heyvanların əti də satılır.
Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Onlar bu cür adamları tapır, ifşa edir, hətta həbsinə nail olurlar. Amma nədənsə məhkəmələr belə adamlara bəraət verərək azadlığa buraxırlar”.
Müsahibimiz deyib ki, qanunvericilikdə mütləq dəyişiklik edilməlidir: "Azərbaycan üçün ənənəvi olmayan heyvan ətlərinin satışı qadağan edilməlidir. Məsələn, hazırda qadağa yoxdur deyə, başqa ad altında ətlərin satışı həyata keçirilir. Çünki bəllidir ki, istehlakçılar at, eşşək əti almaq istəməzlər. Azərbaycanda bunlar yeyilən ətlər deyil. Bu baxımdan istehsalçılar başqa addan istifadə ilə yanaşı, həm də qarışıq formada da satış həyata keçirirlər. Bu cür heyvan ətləri ilə əlaqəli düzgün araşdırma aparılmadığına görə həmin məhsullar restoranlara, iaşə obyektlərinə kimi gedib çıxır.
Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında həmin ətləri rahatlıqla ayırd etmək mümkündür. Lakin istehlakçılar özləri at ətini mal ətindən seçmək istəyirlərsə, müəyyən nüanslara fikir verməlidirlər. Məsələn, at əti nisbətən qırmızı, sulu olur, qabırğaları enlidir, əti bişirəndə spesifik pis iy verir və s.”.Günay Rəsulqızı






