"Makron Ermənistan vətəndaşlığını belə qəbul etməyə hazırdır" - Paşinyanın Fransa səfəri ilə bağlı AÇIQLAMA
"Fransa prezidenti Emmanuel Makronun Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşü və eyni zamanda birgə keçirdikləri mətbuat brifinqində səsləndirdiyi fikirlər ən azı Fransanın ATƏT-in Minsk qrupunda təmsil olunmağa artıq mənəvi haqqını itirdiyi qənaətinə gəlməyə əsas verir”.
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Nəsirov deyib. O bildirib ki, ATƏT-in Minsk qrupunun tərkibində Fransa kimi dövlət varsa və açıq şəkildə Ermənistanı müdafiə edirsə, deməli ümumiyyətlə, qrupun fəaliyyətinə xitam verilmə zamanı çatıb:
"Fransa ATƏT-in Minsk qrupunu tərk etsin və rahat şəkildə ikitərəfli münasibətlərdən, öz maraqlarından çıxış edərək Ermənistanın müdafiəsinə qalxsın. Əks halda, hazırkı addımları qəbuledilməzdir. ATƏT-in Minsk qrupu neytral, qərəzsiz olmalı, obyektiv mövqe ortaya qoymalı, heç bir tərəfin yanında olmamalı, beynəlxalq hüquqa söykənməlidir. Lakin biz Fransanın rəhbərlik səviyyəsində açıq formada düşmən ölkəyə dəstək verdiyinin şahidi oluruq. Bu dəstək müharibə öncəsi də, müharibə dövründə də, indi də mövcuddur. Nəinki özü, hətta Fransanın qanunverici orqanı, xarici işlər nazirliyi də bu işə qoşulub. Bir çox hallarda Fransa prezidenti ermənidən çox erməni olmaq istəyir. Ermənistana dəstəklə bağlı mövqeyini bəzən fransız dilində deyil, erməni dilində ifadə edir. Paşinyan məlum sərhəd insidenti fonunda hətta Makrona müraciət etmişdi ki, Fransa Ermənistana hərbi dəstək göstərsin. Fikir verirsiniz, nə qədər absurd vəziyyətdir”.
Millət vəkilinin sözlərinə görə, son görüş bir daha dünyaya göstərdi ki, ATƏT-in Minsk qrupu öz missiyasını həyata keçirmək iqtidarında deyil, qərəzli, tərəfkeşdir və açıq şəkildə Ermənistanı müdafiə edir:
"Hesab edirəm ki, bu hadisə Azərbaycan-Fransa münasibətlərinə də təsirsiz qalmır. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərinin imzası ilə də Fransa parlamentinə müraciət edib onların anti-Azərbaycan siyasəti ilə bağlı öz etirazımızı ifadə etmişdik və bu davranışları pisləmişdik. Görünür, Fransanın bu günkü rəhbərliyi ölkədəki güclü erməni lobbi və diasporunun əlində əsirə çevrilib. Yəqin ki, qarşıdan gələn prezident seçkilərində Makron cəmiyyətdə çox aşağı reytinqinin olmasına baxmayaraq, yenə də prezident seçilmək iştahası ilə yaşayır. Erməni lobbi və diasporunun xoşuna gəlmək üçün o hətta, Ermənistan vətəndaşlığını belə qəbul etməyə hazırdır. Ən azı onun davranışı bu qənaətə gəlməyə əsas verir”.
Qeyd edək ki, iyunun 1-də Nikol Paşinyan Fransada işgüzar səfərdə olub. O, prezident Emmanuel Makron, Milli Yığıncağın spikeri Rişar Ferran, Senat sədri Jerar Lapşe, eləcə də erməni icmasının nümayəndələri ilə görüşüb.
Günay Rəsulqızı
Sfera.az






