“Dənizin koronavirusla mübarizədə xeyri var, nəinki…” – İnfeksionistdən açıqlama
Yay mövsümü yaxınlaşdıqca dənizə getmək istəyənlərin sayı da çoxalır. Demək olar, elə indidən çimərliklərə üz tutanlar da var.
Hələ də pandemiyanım sonlanmadığını nəzərə alsaq, görəsən, dəniz koronavirusa yoluxma baxımından nə qədər risk daşıyır? Çimərlikdə olarkən diqqət etməli olduğumuz xüsusi məqamlar varmı?
Məsələ ilə bağlı Sfera.az-a danışan həkim infeksionist İlham Bayramov dənizin koronavirus xəstəliyinə qarşı yaxşı təsir göstərdiyini bildirib:
"İsti hava virusun yaşama qabiliyyətinə mənfi təsir göstərir. Günəş şüası virusa qarşı mübarizədə çox yaxşı vasitədir. Viruslar ultrabənövşəyi şüaların təsiri altında tez zərərsizləşir. Hava-damcı infeksiyaları adətən soyuq aylarda öz təsirlərini daha tez göstərir. Bu baxımdan çimərlikdə diqqət edilməli olan əsas məqam ara məsafəsini saxlamaqdır. Dəniz suyu duzlu olduğundan çimərliklərdə suyun buruna və ya ağız boşluğuna təmas etməsinin heç bir zərəri yoxdur, əksinə virusa qarşı daha effektiv ola bilər”.
Həkim son zamanlar insanların koronavirusla qripi qarışdırdığını da diqqətə çatdırıb: "Qripdə də ağırlaşma və pnevmaniya halları olduğundan bəzi insanlar koronavirusla qripi səhv salırlar. Fərq budur ki, koronavirusda bakterial, qripdə isə viral pnevmaniya müşahidə olunur. Koronavirusda burundan seliyin axması nadir hallarda rast gəlinir. Əlamətlərə görə bəzi insanlar bunları qarışdırırlar.
Hazırkı vaxtlarda qrip də çox yayılan xəstəlikdir. Günvurma nəticəsində də qeyd olunan əlamətlər müşahidə oluna bilər. Bu baxımdan xəstəliyi təyin etmək üçün mütləq şəkildə yoxlanılmaq və diaqnozu dəqiqləşdirmək lazımdır. Əks halda insanlar fərqli dərmanlardan və müalicə metodlarından istifadə edərək özlərinə zərər verə bilərlər”.Əzizə Zeynal
Sfera.az






