"Qoy ermənilər eyforiyaya qapılıb hesab etsinlər ki..." - Baydenlə Putin görüşü nəyi dəyişəcək?
"Beynəlxalq müşahidəçilər Putin-Bayden görüşünü səbirsizliklə gözləyirlər. Lakin bu görüşün ciddi dəyişikliyə səbəb olacağına heç kim inanmır”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, görüşü izləyənlər 15 iyundan sonra Amerika-Rusiya münasibətlərinin hansı həddə qədər pisləşəcəyinin tezliklə şahidi olmaq istəyənlərdir:
"Rusiya-Amerika münasibətləri bu gün inkişaf trayektoriyasının ən aşağı mərhələsindədir. Tərəflər bir-birini eşitmək istəmir, qarşılıqlı təhqir leksikonu ilə danışırlar. Ultimatum, sanksiya və qarşılıqlı günahlandırma əsas dioloq vasitəsinə çevrilib. İkitərəfli münasibətlərin, strateji sabitlik məsələlərinin, regional konfliktlərin nizamlanması yollarının müzakirə olunacağı gözlənilir. Bu iki nüvə silahına malik olan BMT Təhlükəsizlik Şurasına üzv qlobal dövlətlərin beynəlxalq təhlükəsizlik naminə müzakirə etməyə məcbur olduqları məsələlərdir”.
Müsahibimiz vurğulayıb ki, regional konfliktlər dedikdə heç də Azərbaycanla Ermənistan arasında baş verən münaqişə nəzərdə tutulmur:
"Regional münaqişələr çərçivəsində böyük ehtimalla Rusiya ilə Ukrayna arasında münaqişə müzakirə ediləcək. Azərbaycanla Ermənistan arasındakı münaqişə indiki mərhələdə müzakirə edilmək üçün çox kiçik məsələ hesab oluna bilər. Digər tərəfdən, burada münaqişə artıq sona çatıb və iki ölkə sərhədində baş verən lokal qarşıdurmanın bu səviyyəli görüş mövzusuna çevrilməsi absurd hesab olunmalıdır. Qoy ermənilər eyforiyaya qapılıb hesab etsinlər ki, Bayden Putinlə onları müzakirə edəcək.
Rusiya-Amerika arasında müzakirə olunacaq çoxlu məsələlər yığılıb qalıb və heç kim bu məsələlərin bir görüş vasitəsi ilə müzakirə olunacağını gözləmir. Bəlkə heç ciddi məsələlər ortaya qoyulmayacaq. Əsas məqsəd münasibətlərdə mövcud olan və son zamanlar daha da ciddiləşmiş inamsızlığın aradan qaldırılmasına nail olmaqdır və hər iki dövlət buna çalışacaq”.
Ə.İbrahimov qeyd edib ki, ABŞ üçün çox ciddi əhəmiyyət kəsb edən Əfqanıstan, o cümlədən starteji nüvə silahı ətrafındakı məsələlərin də müzakirə olunacağı proqnozlaşdırılır:
"Terrorizmə qarşı birgə mübarizənin davam etdirilməsi, İranın nüvə tədqiqatları ətrafında baş verən hadisələr Baydenin müzakirəsində maraqlandığı məsələlərdir. Türkiyə ilə münasibətlər, Türkiyənin Yaxın Şərq və Cənubi Qafqazda rolunun və fəaliyyətinin müzakirəsinin gündəliyə salınacağı haqda heç bir mənbə məlumat vermir. Rəcəp Tayyib Ərdoğanla təxminən eyni vaxtda planlaşdırılan görüş ərəfəsində Putinlə Türkiyəni müzakirə etmək Bayden və Amerika administrasiyası üçün məqsədəuyğun olmazdı”.
Günay Rəsulqızı
Sfera.az






