"Paşinyan yenə ətraf aləmdən kömək istəyəcək, amma iplər bizim əlizmizdədir” - ŞƏRH
Bunu Sfera.az-a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib. O bildirib ki, Azərbaycan sərhədini pozan 6 erməni diversantın əsir götürülməsi aranı yenidən "qızışdıracaq":
"Lakin bu, bizim üçün maraqlı olmamalıdır. Dövlət sərhədimizi pozan hər bir şəxs bu qaydada həbs ediləcək. Bir şeyi anlamaq lazımdır ki, bütün bunlar sadəcə Rusiyanın lehinədir. Bir güllə belə atmadan, heç nə etmədən bölgədə qalmasının "vacib " olduğunu diqtə edir. Bu zaman belə bir sual meydana çıxır. Əgər bu cür təxribatlar davam edirsə, o zaman rus "sülhməramlıları" niyə Qarabağdadır? Hansı mətləbə qulluq edir və məqsəddən niyə yayınırlar?”.
Politoloq həmçinin bildirib ki, Qarabağda yeni antiterror əməliyyatları qaçılmazdır.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan baş verənlərdən sonra yenə ətraf aləmdən kömək istəyəcək:
"Ancaq Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını açıq dilə gətirməyə başlayıb. Paşinyanın lideri olduğu partiyanın parlamentdəki qrup rəhbəri də Təşkilatı sərt tənqid edərək onları proseslərə seyrçi qalmaqda ittiham edib.
Ona dəstək yenə Qərbin bəzi ölkələrindən gələcək, kimlərsə Azərbaycan əleyhinə açıqlama verəcək və rəsmi İrəvan həmin açıqlamaları geniş yayacaq ki, əhalini sakitləşdirsin”.
E.Şahinoğlu qeyd edib ki, Ermənistan müxalifəti erməni həbrçilərin Azərbaycan hərbçiləri tərəfindən əsir götürülməsini seçki öncəsi Paşinyanın mövqelərini zəiflətmək üçün istifadə etməyə çalışacaq:
"Əgər biz həmin 6 əsiri seçkiyə qədər İrəvana təhvil versək, tam əksinə bu, Paşinyanın reytinqinə müsbət təsir edəcək. İplər bizim əlizmizdədir”.
Günay Rəsulqızı
Sfera.az






