Bazarlarda niyə tez-tez yanğınlar olur? - Ekspert potensial təhlükələrdən danışdı
"İş yerlərində, obyektlərdə, istehsalat və iri ticarət mərkəzlərində çalışan işçilər üçün təhlükəsiz əmək şəraiti olmalıdır ki, bədbəxt qəzalar, yanğın hadisələri, uçqun-dağıntı kimi risklər olmasın, həm insanlar, həm də obyektlər daha az zərər çəksin”.
Bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Bərdənin "Təzə bazarı”nda ardıcıl baş verən yanğın hadisəsindən danışarkən bildirib.
Ekspert qeyd edib ki, obyektlər texniki təhlükəsiz və əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməli, potensial təhlükə risklərini öncədən nəzərə almalıdır:
"İşçilərdə psixoloji olaraq fövqəladə vəziyyətdə davranış qaydalarına dair ilkin biliklər olmalıdır ki, özlərini, digər insanları, həm də əmlakı qoruya bilsinlər. Orada çalışan işçi sayı 15 nəfərdən artıqdırsa , yanğın qrupları olmalıdır. Bunların fəaliyyəti və ilkin bilikləri sayəsində baş verən yanğın hadisələri zamanı çox faydalı olur. İri ticarət mərkəzlərində, bazarlarda yanğınların baş verməsi bu mərkəzlərin sahibinə, icarə əsasında obyekt işlədən kiçik sahibkarlara xeyli maddi və mənəvi zərər vurur.
Obyektdə yanğın təhlükəsizliyinə dair norma və standartlarına uyğun olaraq, yanğına qarşı avadanlıq və qurğuların, siqnalizasiya vasitələrinin olmasına və bu siqnalizasiyanın mərkəzləşdirilmiş idarədə birləşdirilməsinə nəzarət etmək lazımdır. Həmçinin yanğın xəbərdaredici vasitələrin, tüstü və dumana qarşı datçiklərin, obyektin təyinatına uyğun olaraq avtomatik yanğınsöndürmə qurğusunun, yanğın hidrantlarının, yanğınsöndürmə balonlarının, yanğın su dirəklərinin, şitlərinin, ehtiyat su çəninin olmasına və bütün bunların daim işlək, saz və fövqaladə vəziyyətə hazırlığına diqqət edilməlidir”.
Müsahibimizin sözlərinə görə, bir çox obyektlərdə qohumluq əlaqələri olan şəxslərə belə mühüm sahələr etibar olunur və nəticəsi də çox ağır olur:
"Elə obyektlər var ki, yanğın təhlükəsizliyinə cavabdeh şəxs heç yanğınsöndürən balonun istifadə qaydasını, ehtiyat su çəninin olub-olmadığını bilmir. Belə olan halda, hadisələr qaçılmazdır. Əgər bir obyektdə təhlükəsizlik yüksək səviyyədə təmin olunmursa, bu sadəcə olaraq məsuliyyətsizlikdir. İş vaxtı bitdikdən sonra elektrik avadanlıqlarını cərəyanda saxlamamalı, özləri ilə tezalışan, yanmağa meyilli maddələri obyektə gətirməməli, gətirsələr belə, mühafizə xidmətinə məlumat verməlidirlər. Eyni zamanda kustar üsulla hazırlanan elektrik avadanlıqları istifadə edilməməli, saxlanc anbarlarında saxlanılan malların təyinatı bilinməlidir.
Obyekt sığortalı olarsa, dəymiş ziyan da ödənilər. Ancaq sığorta təkcə ziyanı ödəmək üçün deyil. Əgər sığorta şirkəti obyekti yaxud ticarət mərkəzini sığortalayırsa, orada olan bütün təhlükə risklərini aradan qaldırandan sonra bunu edir. Ümumiyyətlə isə, obyekti mühafizə edən mühafizəçilərin də yanğın təhlükəsizliyi ilə bağlı biliklərinin olması, mütəmadi olaraq təlimlərdə iştirak etməsi vacibdir. Ona görə mühafizəçilərə daha çox diqqət yetirilməli, onların iş qrafikinə, əmək haqqına və digər qayğılarına həssas yanaşmaq lazımdır”.
Günay Rəsulqızı
Sfera.az






