İçində müxalif jurnalist olan təyyarəni Minskə enməyə məcbur etdilər - Beynəlxalq qalmaqal
Müxalifətçi jurnalisti tutmaq üçün Yunanıstandan Litvaya gedən "Ryanair sərnişin” təyyarəsi Belarus hökuməti tərəfindən zorla Minskə endirilib.
Sfera.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinadan Litvanın paytaxtı Vilnüsə doğru uçan təyyarə Minsk şəhərində endirildikdən sonra "Nexta” qrupunun keçmiş redaktoru Roman Protaseviç təyyarə yenidən havaya qalxmadan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Avropa Birliyi (AB) liderləri, NATO və ABŞ "Ryanair”in Yunanıstandan Litvaya uçan sərnişin təyyarəsinin Belarus tərəfindən bomba xəbərdarlığı iddiasıyla Minskə zorla endirilməsinə və müxalif jurnalist Roman Protaseviçin təyyarədə tutulmasına reaksiya göstərib.
AB liderlərinin hadisə ilə əlaqədar Belarusa bu gün ərzində cavab verəcəkləri gözlənilir.
Adının açıqlanmasını istəməyən AB rəsmilərindən biri hadisəni insan oğurluğu olaraq xarakterizə edib. ABŞ Dövlət Departamenti isə öz növbəsində bunun şokedici hərəkət olduğunu açıqlayıb.
Hüquq müdafiəçiləri təyyarənin R. Protaseviçi nəzarətə götürmək üçün endirildiyini bildirirlər.
Digər tərəfdən Belarus mediası "MiG-19” döyüş təyyarələri ilə marşrutu dəyişdirilən sərnişin təyyarəsinin bomba xəbərdarlığı ilə məcburi eniş etdirildiyini yazıb.
Təyyarədə isə hər hansı partlayıcı maddə aşkar edilməyib.
Əzizə ZeynalSfera.az






