"Qadağalar yoluxmanı daha da artıra bilər” – Deputatdan ETİRAZ
"Biri toy edir ona göz yumurlar, amma digəri mərasim keçirəndə cəzalandırılır".
Bunu Sfera.az-a deputat Cavanşir Paşazadə deyib. Deputat karantin qaydalarının yumşaldılmasının zəruri olduğunu qeyd edib:
"İnsanlar ikinci ildir ki, xəstəliklə, sərt karantin qaydaları səbəbilə çətinlik çəkir. Artıq bəzi qadağaların aradan qaldırılması lazımdır, hökumət gərək bu barədə düşünsün. İnsanların əhval-ruhiyyəsini düzəltmək üçün qaydaların yumşaldılması zəruridir. Məsələn, metronun indiki məqamda açılması mütləqdir. Çünki hazırda metro bağlı olduğu üçün yük avtobuslara düşür, bu da normadan artıq insanın məsafə gözləmədən yaxın olması ilə nəticələnir ki, belə hal yoluxmanı artıra bilər, nəinki azalda. Toyların keçirilməsi də aktual olan məsələlərdəndir. Qanunsuz toyların, mərasimlərin keçirilməsi mühafizə orqanları ilə bağlı neqativ fikirlərin formalaşmasına, dövlətdən narazılığın olmasına gətirib çıxarıb. Bu qanunsuzluqların aradan qalxması üçün karantin qaydalarının yumşaldılması, toylara icazə verilməsi lazımdır. Toyda çox adamın olmasını bəhanə gətirirlər. Amma hamımıza məlumdur ki, avtobusda, işdə onsuz da sosial məsafəni qoruya bilmirik, çox adamla yaxın təmasda oluruq. Əgər biz restoranda 20-30 nəfər oturub yeyib-içə bilirksə, niyə toy etməyək? Qadağaların əksəriyyəti insanlarda şübhə yaradır. Bundan başqa əksər insanların yaşayışı toylardan keçir. Toylara qadağa aradan götürülsə, camaatın üzü gülər".
Müsahibimiz həftəsonu ictimai nəqliyyata qoyulan qadağanın da aradan qaldırılmasının vacib olduğunu deyib. Deputat rayondan sərnişindaşımanın bərpa edilməsinin zəruriliyindən danışıb:
"Həftəsonu nəqliyyatın işləməməsi nə deməkdir? Məsələn, gündəlik orta hesabla 10 min nəfər ictimai nəqliyyatdan istifadə etməli olur. Biz onların işini asanlaşdırmaqdansa, həftəsonu ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edirik. Həftəiçi isə metro olmadığı üçün bu qədər adam avtobusda getməli olmur. Bundan başqa avtovağzala rayondan avtobus daxil ola bilmir ki, məhdudiyyət var. Belə olanda da rayon avtobusları gizli fəaliyyət göstərir. Bu da həmin nəqliyyat vasitələrinin nəzarətsiz qalmasına, dezinfeksiya edilməməsinə gətirib çıxarır".
Əzizə Zeynal
Sfera.az






