Logo

Paşinyanın imzalayacağı yeni sənəddə nə nəzərdə tutulub? – “Bu kəndlər Azərbaycana geri qaytarılacaq”

Paşinyanın imzalayacağı yeni sənəddə nə nəzərdə tutulub? – “Bu kəndlər Azərbaycana geri qaytarılacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün keçirdiyi hökumət iclasında Ermənistanla Azərbaycan arasında yeni sənədin imzalana biləcəyini təsdiqləyib.

Nazir danışıqlar getdiyi üçün sənədin detallarını təqdim etməyəcəyini də qeyd edib. İyun ayında Ermənistanda baş nazir postuna seçkilərin keçiriləcəyini nəzərə alsaq, Paşinyanın xalqın qəzəbinə tuş gələcək hansısa sənədə imza atması çətin görünür.

Maraqlıdır, hazırkı məqamda Azərbaycan və Ermənistan arasında hansı sənəd imzalana bilər?

Məsələ ətrafında Sfera.az-a danışan deputat Arzu Nağıyev Paşinyanın yeni sənədin imzalanması ilə bağlı açıqlama verməsini seçkiqabağı zəruri gedişat kimi dəyərləndirib:

"Son vaxtlar sərhəd istiqamətində baş verən hadisələr Ermənistana onu göstərib ki, hər hansı məsələnin həlli iki dövlət arasında ola bilər. Azərbaycan və Ermənistan arasında hər hansı konvensiyanın, diplomatik münasibətlərin olmaması Ermənistanın yeni sənəd imzalama istəyinə dəlalət edir. Paşinyan seçkiqabağı istəyir ki, sərhəddə təxribatların qarşısını alsın. Çünki sərhəddə baş verən hadisələr səbəbi ilə Paşinyan öz nüfuzunu xeyli itirib. Yəni seçkilərdə əvvəl Paşinyanı 40 faiz dəstəkləyən var idisə, indi bu rəqəm 26-27 faizə düşüb. Ona görə düşünürəm ki, Paşinyanın belə açıqlama verməsi seçkiqabağı daxili auditoriyanın rəğbətini qazanmaq üçün atılan addımdır. Azərbaycanın istəklərinə zidd olan heç bir sənəd imzalana bilməz".

Politoloq Elxan Şahinoğlu isə verilən açıqlamalara əsasən yeni sazişin bütövlüklə Azərbaycanın maraqlarına xidmət etdiyini bildirib:

"Ermənistanın Vatikandakı keçmiş səfiri və baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sərt tənqidçisi Mikael Minasyan onu növbəti dəfə satqınlıqda ittiham edərək yeni sazişin bütövlüklə Azərbaycanın maraqlarına xidmət etdiyini deyib. Minasyan bildirib ki, Paşinyan Azərbaycana növbəti "torpaq güzəşti” edəcək (söhbət Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qaytarılmasından gedir).

Minasyan haqqında danışdığı sənədin surətinin bir hissəsini yaydıqdan sonra axşam saatlarında bir qrup erməni etirazçı Nazirlər Kabinetinin binası qarşısında toplaşıb. Həmin erməniləri internetdə yayılan digər - Azərbaycan hərbçilərinin erməni hərbçilərini sərhəddən uzaqlaşdırdığı anları əks etdirən - görüntülər  qəzəbləndirib.

Paşinyana müxalif olanlar Mikael Minasyanın boş danışmadığına inanırlar. Çünki, Minasyan ötən ilin noyabr ayında da Paşinyanın Azərbaycan qarşısında kapitulyasiyaya hazırlaşdığını bildirmişdi. Bir neçə gün sonra Paşinyan həqiqətən Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Belə çıxır ki, hökumət içərisində və Paşinyana yaxın fiqurlardan biri Minasyana işləyir, ona məxfi məlumatları ötürür. Əslində bu ilk növbədə Paşinyanı narahat etməlidir".

Politoloq Minasyanın son açıqlamasına Paşinyandan maraqlı etiraf gəldiyini deyib:

"Paşinyan deyib ki, biz Azərbaycanla yeni saziş imzalamağa hazırlaşırıq, üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) danışıqlar əsasında sənəd üzərində iş gedir. Yeni sənəd Ermənistanın maraqlarına cavab verir. Minasyan isə Azərbaycanın maraqları üçün çalışır və sənədlə bağlı təhrif olunmuş məlumatlar yayır. Əgər Azərbaycan razılıq verərsə, həmin sənədi imzalayacam”, - deyə Paşinyan qeyd edib”.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR