Lavrovun sərhəd gərginliyi ilə bağlı kömək çağırışına reaksiya – “Doğru yanaşma deyil...”
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, ölkəsi sərhəd demarkasiyası üzrə Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılmasına tərəfdarıdır və bu məsələdə vasitəçi olmağa hazırdır.
Rusiya XİN rəhbərinin bu təklifini dəyərləndirən politoloq Əlimusa İbrahimov bildirib ki, belə bir komissiyanın yaradılmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, sərhədlərin demarkasiyası məsələsilə artıq fəaliyyət göstərən üçtərəfli kommisiya məşğul ola bilər:
"Ermənistanla Azərbaycan arasında mübahisəli və həllini gözləyən çoxsaylı məsələlər var. Bu məsələlər təkcə sərhədlərin demarkasiyası ilə bağlı deyil. Yolların açılması, Azərbaycana dəymiş ziyanın ödənilməsi, bir sözlə, 15-ə yaxın məsələ var ki, onların hər biri real gərginlik mənbəyidir.
Belə olan halda, bu məsələlərin hər biri üçün ayrı-ayrılıqda kommisiyaların yaradılması doğru yanaşma deyil. Baş nazirlərin müavinləri səviyyəsində artıq Azərbaycan, Ermənistan və Rusiyadan ibarət üçtərəfli komissiya fəaliyyət göstərir. Hansı ki, üçtərəfli müqavilədən irəli gələn bütün məsələlərin həlli məhz həmin komissiyaya həvalə edilib”.
Politoloqa görə, Lavrovun sözügedən təklifi heç də yeni deyil və yeni heç nə verməyəcək: "Lavrovdan öncə, ABŞ Prezidentinin köməkçisi Sullivan və Fransa Prezidenti Makron da oxşar çağırışlarla çıxış ediblər. Bütün bu çağırışlar isə sadəcə həmin ölkələrin özlərini göstərməkdən başqa heç nəyə xidmət etmir. Lavrovun təklifi də bu mənada vasitəçilik missiyasını əldən verməməyə xidmət edir. Azərbaycanla Ermənistan arasında baş verən sərhəd insidenti həm də onu göstərir ki, Rusiya sülhməramlıları öz missiyalarını tam olaraq yerinə yetirmirlər”.
Rüfət SULTAN






