Logo

ABŞ dövlət katibi İlham Əliyevə niyə zəng edib? – “Bu, ermənilər üçün “soyuq duş” effektidir”

ABŞ dövlət katibi İlham Əliyevə niyə zəng edib? – “Bu, ermənilər üçün “soyuq duş” effektidir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, dünən ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bununla bağlı politoloq Əlimusa İbrahimovSfera.az-a açıqlamasında deyib ki, telefon zəngini Cozef Bayden ABŞ-ın prezidenti kimi fəaliyyətə başladığı vaxtdan bəri iki ölkə arasında keçirilən ən yüksək səviyyəli kontakt hesab etmək olar:

"Diqqəti çəkən ilk məqam məhz Blinkenin özünün Azərbaycan Prezidentinə zəng vurmasıdır. Deməli, ABŞ Azərbaycanla münasibətləri yeni səviyyəyə qaldırmaqda daha çox maraqlıdır. Bu, həm də Azərbaycanın regionda daha da artmaqda olan nüfuzunun göstəricidir. Söhbət zamanı Entoni Blinkenin bu il də "Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd etməsi onun Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi istiqamətində addım atmaq istədiyinin daha bir sübutu olub. Məlum olduğu kimi 907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana ABŞ birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılması da telefon söhbətinin maraqlı məqamlarındandır. Blinken və ABŞ rəhbərliyinin Dağlıq Qarabağ ətrafında gedən proseslər haqqında ölkə başçısı tərəfindən məlumatlandırılması oradakı təsəvvürlərin tamamilə dəyişməsinə səbəb olacaq. İlham Əliyevin son hadisələr barədə Blinkenə verdiyi məlumatlar, düşünürəm ki, ölkəmiz və prezidentimiz haqqında ermənilərin yaratdığı stereotipləri tamamilə darmadağın edəcək”.

Politoloq qeyd edib ki, Baydenin erməniləri ruhlandıran son hərəkəti telefon söhbəti zamanı müzakirə olunan əsas məsələ olub: "Telefon söhbəti bir qədər əvvəl - ən azından Baydenin məlum demarşından əvvəl baş versəydi, Türkiyə və Azərbaycan baxımından daha əhəmiyyətli olardı. Bəlkə də ölkə başçısı ermənilərin etdikləri vəhşiliklər haqqında tutarlı dəlillər gətirməklə Cozef Baydeni bu üzqarası bəyanatı verməkdən çəkindirməyə nail ola bilərdi. İstənilən halda, Entoni Blinkenin İlham Əliyevlə telefon söhbəti iki ölkə arasında yeni məzmunlu münasibətlərin qurulması baxımdan çox əhəmiyyətlidir. Əminəm ki, Blinken MDB məkanında İlham Əliyev kimi mahir siyasətçi, bacarıqlı dövlət başçısı kəşf etdiyi haqda Cozef Bayden və ətrafındakıları artıq məlumatlandırıb”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, ABŞ dövlət katibinin İlham Əliyevlə məhz indi danışması ermənilərə "soyuq duş” effektidir: "Ermənilər neçə gündür, ABŞ prezidenti Co Baydenin "erməni soyqırımı” ifadəsini işlətməsini toy-bayram edirlər. Halbuki, bu gün Dövlət Departamentinin açıqlamasında xüsusi qeyd edilib ki, prezidentin "soyqırım” ifadəsinin Türkiyə Cumhuriyyətinə aidiyyatı yoxdur. Oxşar açılama Pentaqondan da yayınlanıb. Ayrıca, Entoni Blinken telefonda İlham Əliyevin Amerika prezidentinin "erməni soyqırımı” ilə bağlı bəyanatının Azərbaycan hakimiyyəti və cəmiyyəti tərəfindən narahatlıqla qarşılandığı sözlərini də dinləməli olub.

İlham Əliyevin dilindən "Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır” sözlərini eşidən Blinkenə izah edilib ki, Türkiyə əleyhinə  atılan istənilən addım Azərbaycan əleyhinə atılan addım kimi dəyərləndirilməlidir”.

Günay Rəsulqızı
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR