Logo

"Rusiya desin görək, Araikin Moskvada nə işi var?" - Azərbaycan Laçın koridorunu bağlayacaq?

"Rusiya desin görək, Araikin Moskvada nə işi var?" - Azərbaycan Laçın koridorunu bağlayacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qondarma rejimin qondarma quldurbaşı, hərbi cinayətkar, vətən xaini Araik Arutyunyanın Moskvaya səfərə getdiyi bildirilir. Əgər bu həqiqətdirsə, Azərbaycan 10 noyabr razılaşmasından birtərəfli qaydada çıxmağı və separatçı rejimin cinayətkar quldurbaşılarını cəzalandırmaq, Laçın koridorunu bağlamaq hüququnu özündə saxlayır”.

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. Millət vəkili qeyd edib ki, ümumiyyətlə, Rusiyanın davranışları çox narahat edir:

"İmkan ver ki, öz ərazimizdə özümüz qərar verək. Qondarma rejim hər dəfə "vətən, vətən” deyəndə başımdan tüstü çıxır. Laçın koridorunu bağlayıb, cinayətkarların boğazını quş boğazı kimi üzək. Bəsdirin, yığdınız bizi boğaza.

Rusiya desin görək, Araikin Moskvada nə işi var? Axı niyə Laçın yolunu su yoluna döndərib? Rus sülhməramlılarının kimdən xoşları gəlirsə, onları buraxırlar. O hansı pasportla gedib ora, kimlərlə görüşür?  Mütləq Laçın koridorunun statusunu dəyişdirməliyik. Mən partiya sədri olaraq, hökumətdən 10 noyabr razılaşmasına əsaslı dəyişikliklər etmək barədə mövqeyini Rusiya tərəfinə bildirməyi tələb edirəm”.

Deputat bildirib ki, Rusiya öhdəliklərini yerinə yetirməsə, onun vasitəçiliyindən imtina etməliyik:

"Ermənistan qoşunlarının Azərbaycanın Qarabağ bölgəsində nə ölümü var? Onlar niyə çıxarılmır? O silahlılar, separatçılar bizim torpağımızda niyə atəşkəs xətti yaradıb, niyə səngər qazır? 10 noyabr razılaşmasına görə axı onlar rədd olub getməli idilər.

Ümumiyyətlə, onlar Azərbaycanın yurisdiksiyasına niyə qayıtmır, niyə özlərini ayrıca dövlət kimi aparmalıdır? Çünki, Rusiyadan güc alırlar. Bunlar kimdir ki, Qarabağda rus dilini rəsmi dil elan etsinlər və Rusiya da səsini çıxarmasın. Rusiya icazə verməz ki, ərazisində ikinci bir dövlət yaransın. Biz də icazə vermərik.  Azərbaycan Araiki həbs etmək üçün mütləq əməliyyat keçirməlidir və Laçın koridoru da bizim nəzarətimizdə olmalıdır. Başqa yol görmürəm”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə qeyd edib ki, Araik Arutyunyanın Moskvaya səfəri Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq birmənalı qarşılanır.

Onun sözlərinə görə, üçtərəfli Bəyanatın Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanmasından və Vladimir Putinin "Qarabağ beynəlxalq ictimaiyyət və beynəlxalq qanunlar tərəfindən Azərbaycanın tanınan sərhədləri daxilindədir, Qarabağ Azərbaycandır” fikirlərindən sonra yenə kimlərinsə suları bulandırmaq cəhdi elə həmin qüvvələr üçün baha başa gələ bilər:

"Postmüharibə dövründə sülhə qarant olan Rusiyanın güc strukturlarının müxtəlif nümayəndələrinin gah Ermənistan vasitəsilə Xankəndinə gələrək orada separatçılarla "naməlum” görüşlər keçirmələri, gah da Moskvada Xankəndidən gələn erməniləri qəbul etmələri Azərbaycanın nəticələr çıxarmasına səbəb ola bilər. Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən Araik Arutyunyan Moskva aeroportunda təyyarədən enərkən həbs olunmalı halda, onunla siyasi dialoqun aparılması beynəlxalq qanunların pozulması deməkdir. Separatçı Arutyunyanın Moskvaya dəvət edilməsi şimaldakı müəyyən dairələrin Xankəndidəki fiqurlardan 30 il ərzində olduğu kimi bundan sonra da həm Azərbaycana, həm də Ermənistana qarşı istifadə etmək niyyətlərindən xəbər verir”.

Politoloq deyib ki, Arutyunyanın Rusiyaya səfəri Dağlıq Qarabağda sülhməramlı missiya həyata keçirən bu ölkənin  bu istiqamətdə fəaliyyətinə kölgə salır və Azərbaycanı adekvat addımlar atmağa sövq edir:

"Onsuz da son bir neçə həftə ərzində rus sülhməramlılarının bölgədəki fəaliyyəti ilə bağlı çoxlu suallar yaranmaqdadır. Azərbaycan hər zaman Rusiya ilə səmimi və dostluq münasibətlərin tərəfdarı olub. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycan və Rusiya arasındakı münasibətlər tarixdə ilk dəfə olaraq strateji müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdi. Bu, iki ölkə liderləri arasında olan yüksək səviyyəli münasibətlərin nəticəsi idi. Lakin, görünür, həmişə olduğu kimi, indi də bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr çoxdur və onlar əllərinə düşən fürsətlərdən istifadə edərək suları bulandırmaqda maraqlıdırlar”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR