Logo

Pandemiya hündürmərtəbəli binalara marağı azaldıb – “İndi həyət evlərinə üstünlük verilir, qiymətlər isə...”

Pandemiya hündürmərtəbəli binalara marağı azaldıb – “İndi həyət evlərinə üstünlük verilir, qiymətlər isə...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yay mövsümü yaxınlaşdıqca bağ evlərinə maraq da artır. Digər tərəfdən hələ də pandemiya dövrünü yaşayırıq. Bu baxımdan maraqlıdır, hazırda bağ evlərinə tələbat nə dərəcədədir? Qiymətlər necədir?

Bununla bağlı əmlak məsələləri üzrə ekspert Elnur FərzəliyevSfera.az-a açıqlamasında deyib ki, bağ evləri mövsümü adətən may ayının sonlarında başlayır:

"İyun, iyul, avqust aylarında həm insanların bağ evlərinə köçməsi, həm kirayəsi, həm də satışı sürətlənirdi. Ötən il pandemiya başlayandan bu proses maydan deyil, martdan başladı. Mart ayından başlayaraq qapanmaların mövcudluğu, rayonlara gediş-gəlişin olmaması qiyməti ortalama 200-250 min manata qədər olan bağ evlərinin satışını sürətləndirdi, həm də kirayə qiymətlərində kəskin artım oldu. Tutaq ki, kirayəsi 1000 manat olan bağ evinin qiyməti 1500-2000-ə qədər artdı. Bağ evlərinin kirayəsi təxminən minimal olaraq 500 manatdan başlayıb 5-6 min manata qədər dəyişə bilir.

Hətta bəzi bağ evlərini çölə çıxmaq qadağasına görə bir neçə ailə götürdü ki, yaşlılar, uşaqlar hava ala bilsinlər. Nəinki Azərbaycan, hətta Türkiyədə belə insanlarda hündürmərtəbəli binalara maraq azaldı, həyət evlərinə isə artdı. Pandemiya başlayandan bir müddət sonra Türkiyədə villa tipli şəhərciklər salmağa başladılar. Çünki prosesin nə vaxt bitəcəyi bəlli deyil. Amma  insanlar həyət evinə öyrəşdilər. Bir növ şəhərin tıxacından , səs-küyündən uzaqlaşdılar”.

Ekspert qeyd edib ki, həyət, bağ evlərinə tələbat həmişə olub: "Ümumilikdə bağ evləri anlayışı  uzun illərdir silinib. Çünki əvvəllər mərkəzdə yaşayanların hansısa otlaq torpaqları olurdu və ora bağ evi deyirdilər, sadəcə istirahət üçün gedirdilər. İndi həmin ərazilər hamısı fərdi yaşayış sahələri, həyət evləri olub. Bu gün Bakı və Sumqayıt şəhəri, Abşeron kəndləri demək olar ki, birləşib. Bu da o deməkdir ki, həyət evlərinə , bağ evlərinə tələbat həddən artıq çoxdur. Normal bir bazar qiyməti ilə götürsək, tutaq ki, şəhərin mərkəzə yaxın ərazilərində 3 otaqlı yeni tikilinin  (təxminən 120-140 kvadratlıq) qiyməti 200 min manatdan başlayırsa, kənarda 100-150 min manata normal həyat evi almaq olur. Hətta 200 minə daha yaxşısını almaq mümkündür.

Hazırda bağ mövsümü deyil, amma yəqin başlayandan sonra tələbat artacaq. Düzdür, şəhərdə iki il bundan əvvələ nisbətən, sakitlik hökm sürür. Bu da tələbələrin rayonlara qayıtması, ali təhsil müəssisələrinin bağlanması, hətta daha çox xarici tələbələrin, iş adamlarının ölkədə olmaması ilə bağlıdır. Şəhər mərkəzində yaşayan insanların böyük əksəriyyəti (orta və aşağı təbəqə) evlərini kirayə verir, ya bağ evlərində qalırdılar, ya da hardasa ucuz ev kirayə edib yaşayırdılar. Amma hazırda vəziyyət belə deyil, çünki o evlərə tələbat yoxdur. Ötən ildən indiyə qədər bağ evlərinin qiymətində artım müşahidə olunurdu”.

Müsahibimiz bildirib ki,  adətən bağ evləri deyəndə Bakıətrafı bağ evlərini düşünürük:

"Amma illərdir, şəhərdə yaşayanlar artıq bağ evlərini Bakıda yox, rayonlardan - Quba, Nabran, Zaqatala, Qəbələ, cənub bölgələrindən - alırdılar.  Uzun müddətdir bu prosesin davam etməsi yaxşı idi. Çünki bölgələrdə torpaq və evlərin satışı sürətlənirdi, həmçinin günlük, aylıq kirayə mənzillər götürürdülər, alış-veriş olurdu, bu da bölgələrdə ümumi iqtisadi vəziyyətin yaxşı olmasına səbəb olurdu. Ötən il rayonlarla yolların bağlı olması o sahəni tamamilə çökdürdü. Həmçinin bu ərazilərdə fəaliyyət göstərən otellər, restoranlar və digər obyektlərin hamısı məhv oldu. Onların 80-90 faizi bağlandı. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Elə etməliyik ki, bölgələrimiz də fayda görsün. Heç olmasa, daxili turizmi yerli insanların hesabına inkişaf etdirməliyik ki, bölgələrdə vəziyyət nisbətən ötən ilki kimi olmasın”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR