Logo

Yanlış yerdə tikilən bahalı keçidlər, özünü maşınların önünə atanlar... - Polislərin piyadalara nəzarəti yenidən artırıla bilər

Yanlış yerdə tikilən bahalı keçidlər, özünü maşınların önünə atanlar... - Polislərin piyadalara nəzarəti yenidən artırıla bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ötən gün Bakının Sabunçu dairəsi yaxınlığında ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Maraqlıdır ki, qəza yerindən 500 metr kənarda piyada keçidi olsa da, onlar bundan istifadə etməyiblər. Bunun kimi yüzlərlə nümunə çəkmək olar ki, piyadalar keçidlərə əhəmiyyət verməyərək həyatlarını təhlükəyə atırlar. 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında deyib ki, keçidlərin yanlış formada tikilməsinin də piyadaların belə seçim etməsində rolu var:

"Lazımsız yerlərdə, bahalı qiymətə piyada keçidləri tikilir. Bu gün şəxsən Ukrayna dairəsində tikilən, otelə bənzər piyada keçidində olub müşahidə aparmışam. 10 nəfər keçiddən istifadə edirsə, 5-6 nəfər keçidin altından keçir. Yaxşı olardı ki, onun kənarları məhəccərlə bağlansın. Üstəlik zebralar silinməyib, görünən vəziyyətdədir deyə insanların çoxu çaşqın haldadır. Həm ondan, həm də bahalı keçiddən istifadə edirlər. Həmin keçidin lifti işləsə də, bəzi adamlar bunu görmürlər. Uşaq arabası, əlil arabası ilə gələnlərin bəziləri bilmirlər və keçidin altından keçirlər, təhlükəli vəziyyət yaranır.

Ona görə də piyadalar arasında təbliğat işini gücləndirmək lazımdır. Məsuliyyətsiz piyadalar çoxdur. Keçidin altından keçən piyadaları saxlayıb irad bildirirsən, deyir ki, ayaqlarım ağrayır, qalxa bilmirəm. Amma bir də görürsünüz, maşın vurur ayaqlarının ikisi də qırılır, oturur əlil arabasında – nə ayaq ağrıyır, nə də o adam artıq yolda təhlükə yaratmır, ev dustağı, yataq xəstəsi olur. Ona görə insanlar bunu götür-qoy etməlidirlər. Bu tipli təsiredici sosial çarxlar çəkilməlidir ki, gün ərzində neçə kilometr yol gəzirsən, amma keçidə çatanda "ayağım ağrayır” bəhanəsi ilə qalxa bilmədiyini deyirsən. Düzdür, indi müasir piyada keçidlərində lift, eskalatorlar quraşdırılır, bunlardan istifadə olunsa, yaxşı olar. Amma dünyada  vahid standart da yoxdur ki, bütün keçidlər eskalatorla təmin edilməli və ya lift quraşdırılmalıdır. Keçid uzaqbaşı bir adamın 5 dəqiqə vaxtını alır, bu 5 dəqiqədən ötrü ömürlük şikəst qalmağa, ölməyə dəyməz axı. Bunu insanlar dərk etməlidir”.

Ekspert qeyd edib ki, polislərin də piyadalara nəzarəti artırılmalıdır:

"Əvvəllər bu işlərə 100-dən artıq post-patrul xidməti əməkdaşı cəlb olunmuşdu. Sonradan müəyyən neqativ hallar ortaya çıxdı, onları öz xidmət yerlərinə geri qaytardılar. Beləliklə piyadalar arasında bir az arxayınlıq yarandı. İndi daha təhlükəli vəziyyət yaranıb. Piyadalar çox xaotik şəkildə hərəkət edirlər. Telefon əlində, qulaqlıqdan istifadə edərək yol keçirlər. Hətta vəziyyət o həddə gəlib çıxıb ki, dəmiryol xəttinin üstündə qulaqlıqda musiqiyə  çox səs verdiyinə görə, qatarın yaxınlaşdığını hiss etmir və adamı qatar vurur. Elə bir insanı yolda maşın necə vurmasın? Sürətli yollarda belə insanlara rast gəlinir. Valideynlər var ki, səhlənkarlıq edir,  keçid olsa da, ondan istifadə etmir, özünü də, uşağı da bədbəxt edir.

Sabunçu rayonu ərazisində baş verən sonuncu hadisə bir daha bunu göstərdi. Orda keçid var, amma ona gedib çıxmaq üçün adam nə qədər məsafə qət etməlidir. Eyni problem Bayraq Meydanı yaxınlığında da var. Keçiddən istifadə etmək istəyən adam Bulvara düşməlidir və ya əks tərəfdən keçən adam gedib Bulvara çıxır, yenidən fırlanıb Bayraq Meydanı qarşısında avtobusa minməlidir. Ona görə vətəndaşlar "tələsirəm”, "vaxt yoxdur” deyərək  yola çıxır, qəza qurbanı olurlar. Bu baxımdan nə yaşlı, nə cavan, nə də uşaq məsuliyyətsizlik etməlidir. Hər bir ailədə,cəmiyyətdə təbliğat işi gücləndirilməlidir”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR