Rusiya Türkiyə ilə sərhədləri bağlayır? - "Bu baş verərsə, Azərbaycan... "
Bir neçə gün öncə Türkiyənin Ukraynanın suverenliyini, ərazi bütövlüyünü tanıdığını bildirməsi Rusiya tərəfdə qıcıq yaradıb. Belə ki, Rusiya mediasında iki ölkə arasında müəyyən müddətə sərhədlərin bağlanması məsələsi aktuallaşıb.
Bu isə turizmə də birbaşa əhəmiyyətli dərəcədə təsir edəcək.
Maraqlıdır, iki ölkə arasında sərhədlər həqiqətən bağlana bilərmi? Bu baş verərsə, Azərbaycana turist axını güclənəcək?
Məsələ ətrafında Sfera.az-a danışan turizm eksperti Rəhman Quliyev siyasi məsələlərin müəyyən mənada turizmə təsir etdiyini bildirib.
"Son 10 ildə turizmdə qloballaşma getdikdən sonra turizm sənayesində turist mübadiləsi var. Bununla da turistlər ilkin növbədə həm öz ölkələrində, həm də olduqları ölkədə mədəniyyəti təbliğ edirlər. Lakin çox təəssüf olsun ki, artıq turizmi də siyasiləşdiriblər. Yadınızdadırsa, Türkiyədə Rusiyaya məxsus təyyarənənin vurulması, səfirin güllələnməsi nəticəsində Rusiyadan Türkiyəyə turist axınının qarşısı alınmışdı.
Bu gün Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi beynəlxalq qanunlara uyğun addımdır, hər hansı alt məna yoxdur. Bizim üçün də Ukraynanın suverenliyi vacibdir. Birinci Qarabağ müharibəsindən bu yana biz həmin suverenliyi tanıyırıq. Bu o demək deyil ki, biz Rusiya ilə düşmən olmalıydıq, yaxud düşmən olacağıq".
Ekspert Azərbaycana turist axının çoxalmaq ehtimalından da danışıb:
"Düşünmürəm ki, Rusiya hansısa siyasi səbəbdən dolayı Türkiyə ilə sərhədləri bağlaya. Türkiyə özü də balanslaşdırılmış siyasət aparacaq, vəziyyət normala dönəcək. Əgər bir ehtimal kimi Türkiyə və Rusiya arasında sərhədlər bağlanarsa, bu il Azərbaycana turist axını güclənə bilər".
Əzizə Zeynal
Sfera.az






