Putindən zəmanət almağa gedir – “Paşinyan Moskvada söz verəcək ki...”
"Nikol Paşinyan növbəti dövrdə hakimiyyətdə qalması üçün Putindən zəmanət almağa gedir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan baş nazirinin aprelin 7-də Rusiyaya planlaşdırılan işgüzar səfərinin səbəblərini dəyərləndirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:
"Ermənistanda gözlənilən növbədənkənar parlament seçkiləri ərəfəsində ölkədaxili siyasi çəkişmələr daha da artır. Xüsusən də Rusiyaya bağlı müxalifətin aktivləşəcəyi gözlənilir. Bu, da o deməkdir ki, Ermənistanda baş tutacaq seçkilər şimal ölkəsinin nəzarəti altındadır. Belə vəziyyətdə Paşinyan seçkilərlə bağlı Rusiyanı müəyyən dərəcədə neytrallaşdırmaq, onun mövqeyini qəbul etdiyini göstərmək üçün növbəti dəfə Moskvaya yollanır. Paşinyan bu səfər çərçivəsində Putinlə görüşdə Rusiyaya sadiq qalacağını, Qərblə geniş siyasi əlaqələrə getməyəcəyini və hakimiyyəti dövründə Moskvanın maraqlarını tamamilə təmin edəcəyini vəd edəcək. Bu yolla da o Putindən növbəti dövrdə hakimiyyətdə qalması üçün zəmanət istəyəcək”.
Həmsöhbətimiz hesab edir ki, Paşinyan səfər çərçivəsində ölkəsinin sosial-iqtisadi və enerji problemləri ilə bağlı Rusiyadan dəstək almağa çalışacaq: "Rusiya artıq Ermənistandakı seçkilərdə öz namizədini prosesə daxil edib. Bu, Rusiyada yaşayan erməni mənşəli milyarderdir. Bu isə Paşinyan üçün baş ağrısı ola bilər. Məhz bu amilləri nəzərə alaraq, Ermənistanın baş naziri seçki müddətində Rusiyanın mövqeyini neytrallaşdırmaq üçün Moskvaya müəyyən təkliflərlə gedəcək”.
Politoloqa görə, Paşinyan həmçinin Moskva görüşündə ona da çalışacaq ki, müharibə bitəndən sonra Azərbaycanda cinayət törədən erməni terrorçularının Putinin dəstəyilə buraxılmasına nail olsun: "Bu isə seçki ərəfəsi özünün reytinqini yüksəltməyə hesablanmış addımdır. Ancaq düşünürəm ki, Kreml Paşinyanın bu sayaq manevrlərini qəbul etməyəcək”.
Elçin
Sfera.az





