“Məscidləri açıb, dua edək ki, bizi bu bəladan qorusun” – Razi Nurullayevdən karantin açıqlaması
"Biz əbədi olaraq hər yeri qapada-qapada gedə bilmərik. Əksinə, düşünürəm ki, mütləq şəkildə ticarət mərkəzləri, teatrlar, idman zalları, şadlıq sarayları və idman zalları da açılmalıdır. Məscidləri də açıb Allaha tapınaq, dua edək və bizi bu bəladan qorumasını istəyək”.
Sfera.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. O vurğulayıb ki, yoluxmanın artması hər kəsi narahat edir:
"Lakin qapanmaya getmək çıxış yolu deyil. Bu günə qədər bir neçə dəfə bu istiqamətdə addım atılsa da, nəticə müvəqqəti olub. Vacib olan fəaliyyət göstərərək, iqtisadiyyatımızı dayandırmadan virusla mübarizəni öyrənməkdir. Qapanmaya getməklə başımızın altına yastıq qoymuş oluruq. Bu zaman insanların sosial vəziyyətini də çox çətinləşir. Bəzi fikirlər var idi ki, ictimai nəqliyyata görə yoluxmalar artır. Lakin son günlər bayramla əlaqədar olaraq avtobuslar da fəaliyyət göstərmədi, amma yenə də yoluxmaların sayı artmaqda davam edirdi”.
Deputat qeyd edib ki, bu məsələlərə təbii axar kimi baxmalıyıq:
"İqtisadiyyatımız qapandıqca Azərbaycan zəifləyir. Fikrimcə, elə də güclü dövlət deyilik ki, iqtisadiyyatımızı bu şəkildə təlatümlərə salaq, iş yerlərini bağlayaq, əhalinin sosial-psixoloji vəziyyətini daha da ağırlaşdıraq. Ola bilsin, qaydaları sərtləşdirək, yəni maskadan, spirtdən daha effektiv şəkildə istifadə edək. Amma qapanma olmamalıdır”.Günay
Sfera.az





