"Bu Azərbaycanın COVID-19-la mübarizəyə qlobal səviyyədə böyük töhfələr verdiyinin göstəricisidir"
Azərbaycanın COVID-19-la mübarizə çərçivəsində növbəti təşəbbüsü dünya miqyasında böyük dəstək qazandı. Belə ki, martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi.
Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə toxunulub və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında başlıca əngəllərdən biri olduğu vurğulanıb.
Mövzu ilə bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, sözügedən qətnamənin qəbulu Azərbaycanın COVID-19-la mübarizəyə tək regional deyil, qlobal səviyyədə böyük töhfələr verdiyinin göstəricisidir:
"Bilirsiniz ki, Türk Şurasının toplantısında da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVID-19-la bağlı məsələ gündəmə gətirildi. Azərbaycan həmçinin bu məsələ ilə bağlı Qoşulmama Hərəkatının zirvə görüşünü təşkil etdi. Eyni zamanda, ölkəmiz pandemiya ilə bağlı BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bunların hamısı reallaşdı. Bundan başqa, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə üçün ianə ayırıb, habelə ehtiyacı olan çoxsaylı ölkələrə maddi dəstək verib. Bütün bunlar dünyanın ən böyük universal təşkilatının nəzər diqqətində olub”.
Deputat qeyd etdi ki, cənab Prezidentin qaldırdığı bu məsələ qlobal ədalətsizliyin aradan qaldırılmasına yönəlib:
"Çünki mövcud proses göstərir ki, hazırda ən mühüm məsələlərdən biri də COVID-19-la bağlı vaksinlərin hazırlanması prosesi və onun ədalətli bölgüsü ilə bağlıdır. Varlı dövlətlər imkanlarından istifadə edib önə çıxaraq istədikləri qədər vaksin ala bilsə də, yoxsul ölkələrin bu prosesdə əlçatanlığı təmin edilmir. Bu isə qlobal ədalətsizliyin təzahürüdür. Bu kimi ədalətsizliyə son qoymaq üçün Azərbaycan dövləti bu məsələni hər zaman qaldırıb, həmin istiqamətdə də konkret təşəbbüslərlə çıxış edib. Bütün bunlara əsasən belə qənaətə gəlmək olar ki, BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın COVID-19-a qarşı qlobal mübarizə prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib. Ona görə də belə bir qətnamə qəbul edilib”.
E. Nəsirovun fikrincə, bu qətnamənin qəbulu Azərbaycanın COVID-19-la mübarizə təşəbbüslərinin qlobal dəstək qazandığının nəticəsidir:
"Bu da ölkəmizin nüfuzunun artmasının göstəricisidir. Azərbaycanın təşəbbüsləri böyük diqqətlə qarşılanır. Təşəbbüslərimiz dünyada təqdir və müdafiə olunur”.
Deputat Ermənistanın ümumbəşəri təşəbbüsə qoşulmamasını isə onun digər məsələlərdə olduğu kimi, irqçi mövqedən çıxış etməsinin təzahürü kimi dəyərləndirdi:
"Ermənistan hər zaman özünün əsl xislətini ortaya qoyur. Azərbaycan Prezidenti COVID-19 əleyhinə BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edəndə də Ermənistan bu ümumbəşəri təşəbbüsə qoşulmayan yeganə dövlət oldu. Bunun səbəbi də o idi ki, təşəbbüs Azərbaycan dövləti və onun ali rəhbəri tərəfindən irəli sürülmüşdü. Bu vəziyyət onu göstərir ki, Ermənistan ümumbəşəri bəlaya qarşı mübarizədə də özünün irqçi yanaşmasından çıxış edir. Dünyada bu bəladan ən çox əziyyət çəkən elə Ermənistanın özüdür. Həmin məsələdə Ermənistan daha acınacaqlı durumdadır. Amma buna baxmayaraq öz xislətini ortaya qoyaraq Ermənistan Azərbaycanın həmin təşəbbüsünə də qoşulmadı. Bununla bütün dünya gördü ki, İrəvan faktiki olaraq, pandemiyaya qarşı mübarizə prosesinə heç bir töhfə vermək istəmir. Bütün dünya bir daha əmin oldu ki, Azərbaycan dövləti tarix qarşısındakı bu sınaqdan da şərəflə çıxmaqdadır”.
Elçin
Sfera.az






