Logo

Restorandan yemək sifariş edənlər mütləq oxusun – Hansı təhlükə ilə üz-üzəyik?

Restorandan yemək sifariş edənlər mütləq oxusun – Hansı təhlükə ilə üz-üzəyik?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün iş yerlərində əksər insanlar hazır qidalardan istifadəyə üstünlük verirlər. Hətta təkcə iş yerləri deyil, son zamanlar evlərə də qida çatdırılması halları çoxalıb. Sanki insanlar evdə yemək bişirməyə çətinlik çəkir, tənbəllik edirlər.

Bununla bağlı Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov Sfera.az –a açıqlamasında bildirib ki, pandemiya dövründə onlayn sifarişlərin artımı müşahidə edilib:

"Bilirsiniz, çatdırılma xidmətinin mövcud olduğu yerlərin kuryerləri var. Həmin kuryerlər çiyinlərində termo çantalar daşıyırlar və onları gündəlik olaraq dezinfeksiya etmək lazımdır. Amma yolda rastlaşdığımız zaman termo çantaların vəziyyətinin yaxşı olmadığını (natəmiz olduğunu) görürük. Bu da müəyyən bakteriyaların qidalara yoluxmasına və qida zəhərlənməsinə gətirib çıxara bilər.

Düşünürəm ki, həmin şirkətlər bununla ciddi məşğul olmalı, çantalar dezinfeksiya edilməlidir. Həmçinin işlək vəziyyətdə olmalıdır, yəni yeməyi servisdən vaxtında götürüb hazır olan kimi müştəriyə onu çatdırmalıdırlar. Sanitar-gigiyena qaydaları önəmli xarakter daşıdığı üçün termo çantalar, eyni zamanda kuryerlərin libasları, əlləri  təmiz olmalı, qida ilə təmasda birdəfəlik əlcəkdən istifadə etməlidirlər”.

Qida mühəndisi qeyd edib ki, artıq bəzi insanlarda tənbəlləşmə hiss olunur: "Elə ötən günlərdə qeyd etdiyimiz Novruz bayramını misal çəkmək olar. Bu günlərdə istifadə etdiyimiz şəkərbura, paxlava, qoğal kimi nemətləri bəziləri sifariş etdi, nəinki, öz evlərində bişirdilər. Sağlam qalmaq, riskə getməmək üçün evdə bişirilən qidalara üstünlük verilməlidir. Digər tərəfdən biz kuryerlərin hansı vəziyyətdə olduğunu, sanitar-gigiyena qaydalarına əməl edib etmədiklərini bilmirik. Həmin şəxslərə təlimlər keçirilməli və buna uyğun qida daşınmasına icazə verilməlidir. Lakin bu gün şirkətlərin öz kuryerlərinə göz yumduğunu görürük. Onlar pul qazanmağı düşünür, nəinki, insanların sağlamlığını”.

Müsahibimiz deyib ki, hazır yeməklərə üstünlük verən ofis işçilərini  başa düşmək olar: "Onlar işləyirlər və çox zaman evdən yemək gətirmirlər. Ona görə də onlayn sifarişə ehtiyac duyurlar. Lakin həmin şəxslər də diqqətli olmalıdırlar. Yəni, istehlakçılar xidmət edən kuryerlərin çantalarının təmiz, əllərində əlcəklərin, ağızlarında maskalarının olmasını tələb etməlidirlər”.
 

A.Salamov hazır qidaların fəsadlarından da söz açıb: "Bu gün Amerikada "fast food”dan başqa yemək yoxdur, dünyada artıq çəki xəstəliyinə görə bəlkə də birinci yerdədir. Bu da onların evdə yemək bişirməməklərindən irəli gəlir. Avropa ölkələrində düzdür, idmanla məşğul olanlar çoxdur, orta yaş həddi 70-80-dır. Amma bununla yanaşı, Avropa və Amerikada köklükdən əziyyət çəkmə halları çoxalıb. Nə qədər ki, biz ev yeməklərindən uzaq dururuq, hazır qidalara üstünlük veririk, bu hallar getdikcə bizdə də görünməyə başlayacaq. Qazlı içkilər, xaricdən gələn xammallar, "fast food” çörəkləri kökəlməyə səbəb olur. O cümlədən ölkəyə idxal olunan ət məhsullarında E621 (monosodium glutamate) qida qatqı maddəsi var, bu da  insanlarda iştah oyadır, acanda yenidən "fast food” istəyinin yaranmasına gətirib çıxarır. Nəticədə artıq çəki problemi yaranır. Düşünürəm ki, insanlar boş karbohidratları istehlak etməkdənsə, yerli məhsullardan yemək hazırlasalar, daha yaxşıdır”.

Günay Rəsulqızı
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR