Logo

Azərbaycan və Ermənistan vasitəçilərsiz danışıqlara hazırdır? – “İstisna deyil...”

Azərbaycan və Ermənistan vasitəçilərsiz danışıqlara hazırdır? – “İstisna deyil...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Münasibətlər postkonflikt vəziyyətdə olan Azərbaycanla Ermənistan arasında həll olunmalıdır. Bu iki dövlətin birgə müzakirə edə biləcəyi bir sıra mövzular var”.

Bu sözləri Sfera.az-a açıqlamasında kənar vasitəçi olmadan Azərbaycanla Ermənistanın birbaşa, ikitərəfli müstəvidə müzakirələrə başlaması,  İrəvanın buna nə dərəcədə hazır olması perspektivinə  toxunarkən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib:

"Sərhədlərin bərpası prosesi, sərhəddə bu və ya digər şəkildə hansısa təhlükəsizlik addımlarının həyata keçirilməsi və imzalanan bəyanamədən irəli gələn öhdəliklərin icrası istiqamətində artıq format mövcuddur. İkitərəfli müstəvidə sərhədlərin bərpası baş verir. Yəni, məsələnin hansı formatda hansı mövzular istiqamətində müzakirə  və həll olunacağı bəllidir”.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov hesab edir ki, Azərbaycanla Ermənistan arasında əməkdaşlıq mühitinin formalaşması böyük əhəmiyyət kəsb edir: "Bu əməkdaşlığı şərtləndirən isə 10 noyabr və 11 yanvar sənədləridir. Hansı ki, bu sənədlərin icrası prosesində İrəvan ondan imtina etməsə də, müəyyən yubanmalara getməklə cürbəcür süni əngəllər yaradır. Azərbaycan isə prinsipial mövqe sərgiləyir. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT sədrilə görüşündə qeyd etdi ki,  Bakı sülh prosesinə sadiqdir və əməkdaşlıq mühitinin formalaşmasında Ermənistanın fəal iştirakında maraqlıdır”.  

Deputatın fikrincə, mövcud durumda ikitərəfli formatda müzakirələr istisnadır: "İndiki durumda İki dövlət arasında münasibətlərin ikitərəfli əməkdaşlıq formatına keçməsi üçün münbit şərait mövcud deyil. Proses hələlik Rusiyanın iştirakı ilə tənzimlənir. Kommunikasiyaların bərpası məsələsi də məhz üçtərəfli format əsasında həyata keçirilir”.

E. Nəsirov düşünür ki, müəyyən zaman keçdikdən sonra isə sözügedən istiqamətdə fəaliyyətə keçmək olar: "Hesab edirəm ki, bu istiqamətdə atılan addımlar konkret nəticə verdikcə, etimad mühitinin formalaşması ilə Bakı ilə İrəvan arasında tədricən ikitərəfli danışıq  və müzakirələr başlana bilər.  Gələcək perspektivdə bu, istisna deyil.  Zaman hər şeyi öz yerinə qoyacaq”.

Elçin
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR