"Rusiya lazım gələndə yaranı yenidən qaşımaq üçün..." - Birgə Monitorinq Mərkəzinin fəaliyyət çərçivəsi artırılır?
Qarabağda atəşkəsin qorunmasına nəzarət məqsədilə yaradılan Türkiyə, Rusiya birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlmasından artıq xeyli müddət keçir.
Görəsən, ötən dövrdə Mərkəzin fəaliyyəti gözləntiləri doğrulda bildimi?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri bildirdi ki, Monitorinq Mərkəzinin səlahiyyət çərçivəsinin məhdud olması fonunda ondan tam dolğun şəkildə müsbət fəaliyyət gözləmir:
"Monitorinq Mərkəzindən gözləntilər əslində o qədər də böyük deyil. Ona görə ki, onun səlahiyyətləri məhduddur və yalnız atəşkəsə nəzarət edir. Onun nəzarəti fonunda ərazidə atəşkəsin pozulması hadisəsi yaşanmır. Bu da onu göstərir ki, Monitorinq Mərkəzi öhdəliklərini tamamilə yerinə yetirir. Ona qədər isə bölgədə ermənilər tərəfindən bir çox terror hadisələri törədirdi. Lakin Mərkəzin yaradılması ilə bu hadisələr tamamilə aradan qaldırıldı”.
Həmsöhbətimiz düşünür ki, Mərkəzin fəaliyyətini tam mənada müsbət qiymətləndirmək üçün bunlar yetərli deyil:
"Atəşkəs təmin olunsa da, potensial təhlükə aradan qaldırılmayıb. 10 noyabr bəyannaməsinə uyğun olaraq erməni yaraqlıları Qarabağın bütün ərazisindən çıxarılmalıdır. Ancaq bu günə qədər siyasət birtərəfli yürüdülür. Rusiya "sülhməramlıları” Ermənistandan gələn istənilən çaplı qonaqları Azərbaycanın Qarabağ ərazisinə buraxır, amma buradakı erməni yaraqlılarının çıxarılması istiqamətində barmağını belə tərpətmir”.
N.Mirinin fikrincə, Mərkəzin fəaliyyət çərçivəsi artırılmalıdır:
"Birgə Monitorinq Mərkəzi bilavasitə yaraqlıların ərazilərdən təmizlənməsi funksiyasını da yerinə yetirməlidir. Hadisələrin gedişi göstərir ki, bu öhdəliyi təkcə Moskvaya həvalə etmək yetərli deyil. Moskva məhz bu bəndi yerinə yetirmir. Ona görə ki, erməni yaraqlılarının Qarabağda qalması yaranı lazım gələndə yenidən qaşımaq üçün Rusiyanın geosiyasi marağına xidmət edir.
Bu faktların ortada olması fonunda ya Rusiya sülhməramlılarının fəaliyyət çərçivəsi məhdudlaşdırılmalı, ya da həmin səlahiyyət birgə Monitorinq Mərkəzinə verilməlidir”.
Elçin
Sfera.az






