Qarabağla bağlı növbəti məkrli planlar - ATƏT sədrinin Ermənistana səfəri nəyə hesablanıb?
ATƏT sədri Ann Lindenin "Twitter" hesabında Azərbaycan və Ermənistana səfər etmək niyyətində olduğunu deməsi birmənalı qarşılanmadı.
Politoloq Məhəmməd Əsədullazadə məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirdi ki, ATƏT sədrinin regiona səfəri onların dililə desək, əsasən Qarabağ məsələsilə bağlıdır. Onlar xüsusən ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən dirçəltməyə çalışırlar. Təbii ki, bunda Ermənistan da maraqlıdır:
"Düşünürəm ki, ATƏT sədrinin bu səfəri lazımsız səfərdir. Ona görə ki, Azərbaycan üçün artıq Qarabağ məsələsi bitib. Ermənistanın isə Qarabağda artıq heç bir siyasi iradəsi yoxdur”.
Bu səbəbdən həmsöhbətimizə görə, sözügedən səfərlər Ermənistanın dililə yenidən münaqişəni külükləmək, yeni problemlər gətirmək və bu yolla da Minsk qrupunun fəaliyyətini canlandırmağa hesablanıb.
M. Əsədullazadə bildirdi ki, rəsmi Bakı bir daha ATƏT sədrilə Qarabağ məsələsini müzakirə etməməlidir:
"Artıq bu məsələ bitib. Bununla bağlı Türkiyə-Azərbaycan-Rusiya formatı işləyir.
Ermənistan isə bu səfər fonunda çox güman ki, ATƏT sədrinə Azərbaycandan şikayət edəcək, status məsələsini qaldıracaqlar. Status məsələsi isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməməsinə əsaslanıb”.
Politoloq onu da qeyd etdi ki, İrəvan da öz gələcəyi naminə bu sayaq səfərlərdən imtina etməlidir:
"Amma İrəvan bilməlidir ki, Qarabağ məsələsinin yenidən gündəmə çıxarılması Ermənistanın iqtisadi blokadada qalması demək olacaq. Bu səbəbdən Minsk qrupunun fəaliyyəti, ATƏT sədrinin səfəri Ermənistanın gələcək inkişafına zərbə vuran səfərdir. Ona görə düşünürəm ki, İrəvan da bu səfərlərdən imtina etməlidir".
Elçin
Sfera.az






