Milli Məclisdə boş qalmış yerlər... - Təkrar seçkilərin keçirilməsinə pandemiya mane olur, yoxsa qanundakı boşluq?
Son parlament seçkilərindən sonra nəticələri ləğv edilən 33, 35, 74, 80 saylı və deputatın vəfat etdiyi 116 saylı dairələrdə qanuna müvafiq olaraq təkrar seçkilərin hələ də keçirilməməsi maraq doğurur.
Məsələ ilə bağlı Sfera.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, seçki Məcəlləsinin tələblərinə görə, Milli Məclisdə boş qalmış yerlərə seçki keçirilməlidir, qanun bunu tələb edir.

Partiya sədrinin fikrincə, pandemiya və qanunda müddətin göstərilməməsi də prosesə əngəl olur:
"Gələcəkdə Seçki Məcəlləsi dəyişdirilərsə, bu amil mütləq nəzərə alınmalıdır. Boş qalmış yerlərdə seçkilərin keçirilməsi üçün optimal vaxt müəyyən olunmalıdır. Yəqin ki, pandemiya ilə bağlı davam edən sərt karantin rejimi də prosesin baş verməsini ləngidib. Güman edək ki, hökumət bu istiqamətdə nəhayət hərəkətə keçəcək. Seçicilərin hüquqları nəzərə alınmalıdır. Təəssüf ki, bu gün 5 dairənin seçiciləri bu hüquqdan məhrumdur”.
"5 deputatın orada olmamasının parlamentin işinə heç bir təsiri yoxdur".
Bu fikirlər isə ASDP sədri Araz Əlizadəyə məxsusdur:

"Yetərsay var, parlament işləyir. Ona görə də düşünürlər ki, həmin dairələrdə təkrar seçkilərin keçirilməsinə ehtiyac yoxdur. Elan edərlər iştirak edərik, elan etməzlər, canları sağ olsun”.
Elçin
Sfera.az






