Un və çörək bahalaşıb - Hökumət qiymətləri tənzimləyə biləcəkmi?
Çörəyin qiyməti son bir ildə 3,1 faiz bahalaşıb. Bahalaşma bütün növ çörəklərdə qeydə alınsa da daha çox qiymət artımı çovdar və qarışıq unundan hazırlanan çörək məhsullarında müşahidə edilib.
Sfera.az rəsmi statistikaya əsasən bildirir ki, 2021-ci ilin yanvarında əla növ buğda unundan hazırlanan çörəyin bir kiloqramının qiyməti 82 qəpik olub. Buğda unundan bişirilən çörəyin dəyəri bir ay ərzində 0,5 faiz, 2020-ci ilin yanvarı ilə müqayisədə isə 1,23 faiz artıb. Bir il əvvəl buğda unundan hazırlanan çörəyin bir kiloqramı 81 qəpiyə satılırdı.
Buğda unundan bişirilən çörəyin qiymətində ciddi artım olmasa da digər növ çörəklərdə nəzərəçarpacaq qiymət artımı var. 2021-ci ilin yanvarında çovdar çörəyinin bir kiloqramının qiyməti 1,22 manat, qarışıq undan hazırlanan çörəyin qiyməti 1,1 manat olub. 2020-ci ilin dekabrında çovdar çörəyinin qiyməti 1,18 manat, qarışıq undan hazırlanan çörəyin dəyəri 1,05 manat, 2020-ci ilin yanvarında isə müvafiq olaraq 1,17 manat və 1,04 manat idi. Bir il ərzində çovdar çörəyi 4,27 faiz, qarışıq undan hazırlanan çörək 5,77 faiz bahalaşıb.
Çörəyin bahalaşmasına unun qiymətindəki artım təsir edir. Bu ilin yanvarında buğda ununun bir kiloqramının orta qiyməti 1,14 manat təşkil edib. Bir ay əvvəl buğda ununun dəyəri 1,1 manat, 2020-ci ilin yanvarında 1,08 manat idi. Unun dəyəri il ərzində 5,55 faiz artıb.
Unun və çörəyin bahalaşması buğda və buğda ununun idxalına, istehsalına vergi və gömrük rüsumu güzəştlərinin tətbiq edilməsi fonunda baş verir.
Güzəştlərin olmasına baxmayaraq xarici ölkələrdə buğdanın xeyli bahalaşması ölkəmizdə də un və çörək qiymətlərinə artırıcı təsir edir. Qarşıdakı aylarda un və çörəyin daha çox bahalaşmaması üçün hökumət un istehsalı ilə məşğul olan şəxslərə subsidiya vermək qərarına gəlib. Baş nazirin imzaladığı qərara əsasən, fevralın 1-dən mayın 1-nə kimi un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 35 manat məbləğində subsidiya veriləcək.
Vasif
Sfera.az






