İpoteka kreditləri ilə bağlı gözlənilməz dinamika - ARTIM DAVAM EDƏCƏK
Dövlət vəsaiti hesabına ipoteka krediti götürən şəxslərin aylıq borc ödənişlərində artım müşahidə edilir. Bu dinamika 2018-ci ildən davamlı olub.
Sfera.az bildirir ki, 2020-ci ilin sonunda götürülən kreditlər üzrə aylıq ödəniş orta hesabla 370 manatı ötüb. Halbuki, 2019-cu ilin sonunda bu göstərici 356 manat idi. 2018-ci ildə aylıq ödəniş 358 manat, ondan əvvəlki ildə isə 322 manat təşkil edib.
Açıqlanan rəsmi məlumatların təhlili göstərir ki, ipoteka kreditləri üzrə aylıq borc ödənişlərinin artması götürülən kreditlərin məbləğinin artması ilə bağlıdır.
Belə ki, son illərdə kreditlər daha çox yüksək gəlirli şəxslərə verilir. Gəlir səviyyəsi yüksək olduğundan müvəkkil banklardan iri məbləğdə kredit götürmək mümkün olur. Kredit məbləği artdıqda isə aylıq borc ödənişləri də artır.
2020-ci ilin sonuna olan məlumata əsasən, cəmi ipoteka kreditlərinin 56,5 faizini aylıq gəliri 1100 manatdan yüksək olan şəxslər alıb. Daha 14,5 faizi isə gəliri 900-1100 manat intervalında olan şəxslərə verilib. Buradan görünür ki, gəliri 900 manatdan yüksək olan insanlar ipoteka kreditlərinin 71 faizini alıb.
Bir neçə il əvvələ qədər ipoteka kreditlərinin çox hissəsini gəliri 900 manatdan az olan şəxslər əldə edirdi. Bu dəyişiklik bankların ayırdığı kredit məbləğindən də görünür. 2012-ci ildə verilən kreditlərin orta məbləği 38,7 min manat olduğu halda 2020-ci ilin sonunda 53 min manatı ötüb.
Borc məbləği artsa da, kredit faizləri aşağı düşür. Dövlətin vəsaiti hesabına verilən ipoteka kreditləri orta hesabla 6,36 faizlə ayrılıb. Bu 2012-ci ildə isə 7 faiz idi.
Dinamika göstərir ki, qarşıdakı illərdə ipoteka kreditləri üzrə aylıq borc məbləğlərində artım davam edəcək.
Vasif
Sfera.az






