Qarabağ dünyaya nümunə olacaq - Yenidənqurma və bərpa işlərinin QAZANDIRDIĞI İMKANLAR
Prezident İlham Əliyevin tapşırıqları və şəxsi nəzarəti ilə Böyük Qayıdış üçün aparılan fasiləsiz, gərgin yenidənqurma işləri tam sürəti ilə davam edir. İşğaldan azad olunan ərazilərdə həyata keçirilməkdə olan layihələrin hər biri böyük strateji əhəmiyyətə malikdir.
Fevralın 14-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıla səfəri bu baxımdan çox yaddaqalan oldu.
Bu səfər zamanı işğaldan azad edilən ərazilərimizlə bağlı çox mühüm addımlar atıldı:
Prezident Zəngilanda ilk bərpa ediləcək kəndin adını açıqladı. "Zəngilan rayonunda Birinci Ağalı kənd layihəsi icra ediləcək. Bu gün layihəyə start verilib. Artıq ilkin araşdırmalar aparılıb. Birinci bərpa ediləcək kənd bu kənddir", - deyə Prezident bildirdi.
"Ağıllı kənd” konsepsiyası həyata keçəcək
Zəngilan rayonunda birinci pilot "ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcək. Xatırladaq ki, hələ bir müddət öncə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yüksək texnologiyalar vasitəsilə "smart city", "smart village", yəni "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası əsasında şəhər və kəndlərin salınacağını bildirmişdi.
Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına start verildi. Qoruğa çinar ağacları əkildi, bu prosesdə Prezident və ailəsi də iştirak etdi.
Dövlət başçısı daha sonra Laçının Güləbird kəndində inşa edilmiş Su Elektrik Stansiyasının açılışını etdi.
Kəlbəcər-Laçın zonası bərpa olunan enerji mənbələrinin yaradılması, su elektrik stansiyalarının tikintisi üçün əlverişli təbii şəraitə malikdir. Vaxtilə bu ərazilərdə çoxsaylı stansiyalar qurulub, işğal dövründə ermənilər onlardan istifadə ediblər. Lakin kapitulyasiyadan sonra bütün stansiyalar dağıdılıb və yararsız hala gətirilib. Tezliklə işğaldan azad olunmuş ərazilərdə bütün stansiyalar bərpa ediləcək, yeniləri tikiləcək.
Azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyası Laçının Güləbird kəndindəki Su Elektrik Stansiyası oldu. Laçında dağıdılmış daha 4 SES isə bərpa ediləcək, Kəlbəcərdə 12 SES yenidən qurulacaq, "Xudafərin” və "Qız qalası” su elektrik stansiyaları tikiləcək.
Mədəniyyət paytaxtı Şuşada da yenidənqurma işləri tam sürəti ilə davam edir. Belə ki, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün birinci mərhələ başa çatıb, hazırda Şuşada elektrik yarımstansiyası inşa edilir.
Azad edilmiş torpaqlarda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün suvarma işləri sürətlə getməli olduğu ilə bağlı ölkə başçısı tapşırıq verib. Prezident bildirib ki, ən müasir suvarma sistemləri təşkil edilməlidir.
Qarabağ "yaşıl enerji” zonasına çevrilərək, dünyaya nümunə olacaq.
Naxçıvana açılan yol...
İlham Əliyev Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu.
Bu dəmir yolunun strateji əhəmiyyəti mühümdür. Belə ki, məhz bu nəqliyyat sistemi ilə azad edilmiş torpaqlara vətəndaşlar rahat şəkildə gələ biləcək. Bundan başqa dəmiryolu sistemi həm də yüklərin daşınmasına xidmət edəcək. Nəqliyyat yolunun ən önəmli strateji əhəmiyyəti isə Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına əlaqənin təminidir. Belə ki, Azərbaycan-Naxçıvan dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, Azərbaycanın strateji, iqtisadi və siyasi məqsədləri həyata keçiriləcək. Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə BTC-dən sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq.
Sfera.az
İnci






