Logo

Sakinlər təhlükə altındadır: Sürüşmə zonasındakı evlər nə vaxt söküləcək? - RƏSMİ AÇIQLAMA

Sakinlər təhlükə altındadır: Sürüşmə zonasındakı evlər nə vaxt söküləcək? - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi ötən gün, axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb.

Sözügedən ərazidə sürüşmə halı əvvəlki illərdə də qeydə alınıb. 2019-cu ildə baş vermiş sürüşmədən sonra ərazidə qanunsuz tikilmiş  evlərin  təhlükəsizlik məqsədilə sökülməsi və evi sökülən adamlara da kompensasiya verilməsi məsələsi gündəmə gəlmişdi.

Bəs görəsən sürüşmə zonasında yaşayanların köçürülmə prosesi nə vaxt öz həllini tapacaq?

Məsələ ilə bağlı Sfera.az-a danışan Səbail Rayon İcra Hakimiyyətinin "İnformasiya təminatı və təhlil sektoru”nun müdiri Anar Hüseynov köçürülmə prosesinin müvafiq rəylərdən sonra həyata keçiriləcəyini söylədi:

"Dünənki hadisə ilə əlaqədar iki fərdi yaşayış evinin sakinləri təxliyə edilib. Bildirim ki, evlərə ziyan dəyməyib, sadəcə təhlükəsizlik baxımından həmin ailələr ərazidən çıxarılıb. Yamacın yuxarısındakı fərdi yaşayış evinin sakinlərinə isə bildirişlər paylanılıb. Ancaq son rəyi FHN-nin müvafiq qurumu baxış keçirəndən sonra müəyyən edəcək ki, burada yaşamaq olar, ya yox. Hələki belə bir rəy olmadığından biz köçürülmə ilə bağlı hər hansı bir fikir söyləyə bilmərik. Onlar bizə bildirsələr ki, burada yaşamaq təhlükəlidir, o zaman tərəfimizdən müvafiq addımlar atılacaq”.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova isə saytımıza açıqlamasında geoloji baxımdan təhlükəli sayılan ərazilərdə yaşayış evlərinin tikilməsinin yolverilməz olduğunu bildirdi:

"Mən dəfələrlə söyləmişəm ki, bu ərazilər təhlükəlidir, yaşamaq üçün əlverişli deyil. Bu kimi sürüşmə halları mütəmadi olaraq baş verə bilər. Məsləhət görərdim ki, həmin ərazilərə yaxın bütün evlər sökülsün. Yəni Bayıl və Badamdar sürüşkən bir zonadır, nə qədər ki, insan təlafatı yoxdur, köçürülmə məsələsi həll edilməlidir. Çünki aktivlik sürətlə arta bilər”.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR