"Koronavirus xəstəsinin ailə üzvləri də karantinə alınsın" - BU ŞƏRTLƏ...
Təkcə koronavirusa yoluxmuş şəxslər yox, eyni zamanda həmin şəxslərlə bir evdə yaşayan ailə üzvləri də yoluxdurucu hesab oluna bilər.
Yəni, test nəticəsi müsbət çıxmış şəxsin ailə üzvlərində xəstəlik əlamətləri hiss olunmasa da potensial daşıyıcı hesab olunurlar. Bu isə bəzən bir evdən 3-4 nəfər daşıyıcının cəmiyyət arasında olması və digər şəxsləri də yoluxdurması deməkdir.
Maraqlıdır, yoluxmanın qarşısının alınması üçün koronavirus xəstələri ilə bərabər onların ailə üzvləri də nəzarət altına alına bilərmi? Bu sistem hansı şəkildə tətbiq edilməlidir?
Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev koronavirus xəstələrinin ailə üzvlərinin müəyyən sistem tətbiq edildikdən sonra nəzarətə alınmasının uyğun olduğunu bildirib:
"Bizdə əsas problem odur ki, koronavirusa yoluxmuş şəxslərin ailə üzvlərindən test nümunəsi götürülmür. Bu dövlət tərəfindən mütləq şəkildə həyata keçirilməli olan prosesdir. Şəxs koronavirusa yoluxursa onunla bir evdə qalan digər ailə üzvləri də potensial daşıyıcı ola bilər.
Koronavirus xətəsinin ailə üzvlərini 14 günlük izolyasiyaya almaq olar, amma bir şərtlə ki, həmin ailə bu müddət ərzində lazım olan ərzaqla, iynə-dərmanla və s. təmin olunsun. Əks halda şəxsin yaxınlarını 14 gün karantində saxlamaq olmaz. Çində bəzi əyalətlərdə bu sistem tətbiq edilmişdi və uğurlu nəticə də oldu".
A.Əliyev koronavirus xəstələrinin 14 gündən sonra cəmiyyət arasına çıxmasının bu yolla ola biləcəyini qeyd edib:
"Bəzən koronavirus xəstələri 2 həftəlik izolyasiya müddəti başa çatdıqdan sonra ictimaiyyət arasına çıxır. Bu sahədə də dövlətin boşluğu var. Çünki test nümunəsi götürülən şəxsdən 14 gün sonra yenidən test nümunəsi götürülməlidir. Ona görə ki, bəzi hallarda 14 gün keçməsinə baxmayaraq xəstə tam sağalmır və onun ağız burun boşluğunda virus hələ də qalmış olur. Bu sahədəki boşluqlar da aradan qaldırılmalıdır".
Sfera.az
Əzizə Zeynal






