Koronavirus və karantin günlərində intihar fikrindən necə uzaq olaq? - Psixoloq MƏSLƏHƏTİ
Son günlərdə ölkəmizdə də intihar olaylarında artım hiss olunur. Maraqlıdır, karantin rejiminin stressindən, intihardan özümüzü necə uzaq tuta bilərik?
Məsələ ətrafında psixoloq Aytən Ələkbərova öz fikirlərini Sfera.az-la bölüşüb:
İnsan beyni həm daxili həm də xarici qıcıqlara həmişə hazır olan bir vəziyyətdədir. Yəni bu məqamda insanlarda xarici qıcıqlar informativ stresslərin yaranmasına gətirib çıxarır. Təbiidir ki, informativ stresslər aldığımız informasiyalardan dolayı bizi eyforiya vəziyyətinə salır, nə edəcəyimiz barədə düşüncələri yerindən oynadır. Burda da dünyanın dərk edilməsi məsələsi konkretdən mücərrədə yüksəlir, digər tərəfdən isə bunun əksi olur. Məsələn, zəlzələ anında sütunlar arasında dayanan şəxs bəlkə də özünü qoruya bilər. Ancaq xilas olmaq üçün ani qərar verib özünü pəncərədən atan şəxs barədə bunu deyə bilmərik.
"Özümüzdə "yoluxmayacam" fikrini formalaşdırmalıyıq"
"Bəlkə də mən bu xəstəliyə yoluxmayacam" fikri ilə psixoloji immuniteti və eyni zamanda orqanizmin immunitetini artırmaq olar. Lakin təşvişə düşüb çıxış yolunu intiharda görən insanlar psixioloji durumunda problem olan və sadəcə bunu etmək üçün səbəb axtaranlardır. Biz bu fikirləri özümüzdən uzaqlaşdırmalı, özümüzlə empatiya qurmalıyıq. Məsələn, uşaqlar COVID-19 reallığını sadəcə əzbərləmiş vəziyyətdə qəbul edir, gigiyena qaydalarına ardıcıl şəkildə riayət edirlər. 3-11 yaş arası uşaqlar belə özünü lazımı qoruya bilir. Buna görə də uşaqlarda yoluxma az olur.
İntihar məsələsi təkcə COVID-19-la bağlı deyil. Daha çox hallarda ikinci şəxsiyyət pozğunluğu insanlarda yarananda intihara əl atmaqla sanki kimisə incitmək istəyirlər. İntiharın qarşısını almaq üçün mütləq şəkildə maarifləndirici söhbətlər və mənəvi dəstək lazımdır.
Orta yaş dövründə intihara meyillilik qadınlar üçün 21-35, kişilər üçün isə 22-35 yaş arasıdır. Orta yaşın ikinci dövründə bu rəqəmlər qadınlarda 36-55 yaş arası, kişilərdə 36-60 yaş arası təşkil edir. Bu yaş dövründə bəzən görürük ki, intihar sayı daha çox olur. Yaşlı insanlarda isə intihara meyillilik nisbilik təşkil edir.
"Bəzi xəbərlərin qorxulu başlıqlarına inanmamalıyıq"
Ümumi tövsiyə olaraq deyə bilərəm ki, ilk növbədə informativ stressdən uzaq olmalı, oxuduğumuz xəbərlərin qorxulu başlıqlarına aldanmamalıyıq. Daxili aləmimizin sirrini başqası biləndə o bizim yox, biz onun əsiri oluruq. İlk olaraq insan özünə sirr bildiyi məsələnin anonimliyini qorumalıdır. Bundan başqa təşvişə düşüb, həyəcana düşüb özünü oda atmamalıdır. Belə bir vəziyyətlə üzləşəndə ən yaxşı yol psixoloqa müraciətdir. İnsan psixoloq yanında daxili aləmini yox, ruhunu açır. Belə olan halda da psixoloq insan ruhuna uyğun olaraq artıq həmin şəxsin gələcəkdə atacağı addımları korreksiya edir. Bununla da dərman müdaxiləsi olmadan belə uğurlu nəticə əldə etmək olur.
Sfera.az
Əzizə Zeynal






