Fərhad Əhmədovdan “facebook müxalifəti”nə DƏRS KİMİ YAZI
"Hərbi əməliyyatların dayandırılması haqda bəyanatın qüvvəyə minməsindən sonra Qarabağ cəbhəsində artıq ikinci gündür, toplar susub. Amma informasiya məkanında yaylım atəşləri əvvəlki gücü ilə eşidilməkdədir. Və bu güllə-baranda sanki gözlənilmədən yeni tonlar səslənməyə başlayıb”.
Rusiya Federasiya Şurasının eks-senatoru, iş adamı və xeyrriyyəçi Fərhad Əhmədov
Şəksiz qələbəmizi bayram etdiyimiz bu günlərdə əhvalımızı korlayan yalnız taleyüklü bu altı həftə ərzində öz hərbi borclarını yerinə yetirərkən igidliklə şəhid olan hərbçilərimizə, eləcə də düşmənin dinc şəhərləri və kəndləri atəşə tutması nəticəsində öz evlərində həlak olan mülki vətəndaşlarımıza görə çəkdiyimiz acıdır.
Amma məhz indi qaranlıq künclərdən öz evlərində, divanda oturub "ekspert” dəyərləndirmələri ilə internetdə çıxış edən "facebook müxalifəti”nin çoxdandır, unudulmuş səsləri eşidilməyə başlayıb. Onların fikrincə, Qarabağda atəşin dayandırılmasına dair üçtərəfli razılaşma Azərbaycan üçün "tələdir”.
Ölkənin hərbi-siyasi rəhbərliyi müharibəni "qalib sonluğa” qədər davam etdirmədiyinə (amma nədənsə "bu qalib sonluğ”un nə demək olduğunu açıqlamırlar) və Rusiya sülhməramlılarının münaqişə zonasında yerləşdirilməsinə icazə verdiyinə görə qınanır.
Ədalət naminə qeyd edirəm ki, cəmiyyətimizin müəyyən bir hissəsi, əsas olmasa da, hər halda nəzərəçarpan hissəsi də bu mövqeni bölüşür, onların yanaşması hərbi uğurlarımızın fonunda formalaşmış yüksək gözləntilərindən irəli gəlir. Bununla əlaqədar aşağıdakıları bildirmək istərdim.
Gəlin xəyalən də olsa, müharibənin başlandığı günə, yəni cari ilin 27 sentyabrının səhərinə, hərbi dillə desək, "D” gününə qayıdaq.Həmin məqamda olan vəziyyət:
- Tarixi ərazilərimizin beşdə bir hissəsi, yüzlərlə yaşayış məntəqəmiz, müqəddəs abidələrimiz və təbii resurslarla zəngin torpaqlarımız düşmən işğalı altında idi.
- Az qala 30 ildir doğma ocaqlarına və əcdadlarının məzarlarına baş çəkməyə həsrət qalan məcburi köçkün statuslu 700 min həmvətənimiz vardı.
- Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin (bəli, məhz məğlubiyyətimizin!) psixoloji təsiri altındayıq.
- Biz "siyasi nizamlama” haqda üzücü, perspektivsiz danışıqlar aparırdıq. Bitmək bilməyən danışıqlar prosesi Ermənistanın açıq-aşkar sabotajları və beynəlxalq vasitəçilərin laqeydliyi ilə müşaiyət olunurdu.
İndi isə gəlin baxaq, biz "D+44” vəziyyətində, yəni atəşin dayandırılması haqda razılaşmanın qüvvəyə mindiyi 2020-ci ilin 10 noyabr tarixinədək nəyə nail ola bildik?
- Qısa müddətdə, cəmi 6 həftə ərzində Azərbaycan Silahlı Qüvvələri illərlə müharibəyə hazırlaşan düşməni məğlub edə bildi. İkinci Qarabağ müharibəsinin bir çox aspektləri müasir hərb sənətinin əsasını təşkil edəcək.
- Düşmən sülhə, faktiki olaraq, kapitulyasiyaya məcbur edildi. Erməni liderlərinin bəyanatlarına baxın, onları internetdə asanlıqla tapıb oxumaq olar.
- İşğalda altılnda olan əbədi-əzəli torpaqlarımızı - Fizulini, Cəbrayılı, Zəngilanı, Qubadlı və Şuşanı silah gücünə, canımız, qanımız bahasına azad etdik.
- Yaxın həftələrdə isə hərbi qələbənin siyasi bəhrəsini dadacağıq. Bircə dəfə atəş açmadan açmadan və bir damla qan tökmədən Ağdamı, Laçını, Kəlbəcəri geri alacağıq.
- Birinci Qarabağ müharibəsindən bəri bizi təqib edən "məğlubiyyət sindromu”ndan birdəfəlik xilas olduq. Daha başımızı dik tutub gəzə və gələcəyə inamla baxa bilərik.
- Təkcə ermənilərin deyil, onların xarici müttəfiqləri tərəfindən də kultlaşdırılan Ermənistanın "məğlubedilməzliyi” haqda mif darmadağın edildi.
- Azərbaycan özünün beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirdi və elə bir regional gücə çevrildi ki, onunla hesablaşmalı olacaqlar.
- Azərbaycan bir sıra digər üstünlüklər də əldə etdi ki, onların əhəmiyyətini biz daha sonra dərk edəcəyik - misalçün, "Böyük torpaq”la Naxçıvan arasında maneəsiz yerüstü əlaqənin yaradılması imkanı.
Hesab edirəm ki, bu aşkar nəticələri ən qərəzli tənqidçi belə şübhə altına ala bilməz. Amma! İstənilən müharibənin bədəli çoxlu sayda insan həyatı və külli miqdarda maddi vəsaitdir. Özü də müharibə iki nəfərin üz-üzə gəldiyi rinqdə deyil, böyük meydanlarda baş verir: onun çoxlu xarici iştirakçıları olur və onlardan hər biri öz şəxsi mənafeyi xatirinə proseslərə müdaxilə etmək fürsətini əldən verməz.
Odur ki, burada əsl strateqin başlıca keyfiyyəti - hərbi uğurlardan başgicəllənməyə düşmədən vaxtında dayanmaq, qarşıdurmanı diplomatik-siyasi müstəviyə keçirmək və öz şərtlərini danışıqlar masası arxasında diqtə etmək qabiliyyəti müstəsna rol oynayır.
İkinci Qarabağ Müharibəsində bu həqiqət anı noyabrın 10-da yetişdi. Tarixçilər və gələcək nəsillər Ali Baş komandanın bu addımının müdrikliyinə və mükəmməlliyinə hələ qiymət verəcəklər.
İndi isə "divan tənqidçiləri”nə sadə bir sual verək: bəs siz real alternativ olaraq nə təklif edərdiniz? "Qələbəyə qədər döyüşək” konkret olaraq nə deməkdir?
Məğlubyyətə və itkilərinə baxmayaraq müqavimət göstərməkdə davam edən düşmənə sinə gərərək Ermənistanın dövlət sərhədinə qədərmi getmək? Hər alınan kvadratkilometr əraziyə görə qan axıtmaq? Bəs, özünüz buna hazırsınız? Müharibənin bir gününün dollar ekvivalentində qiymətini bilirsiniz? Daim artan xarici təzyiq şəraitində, əcnəbi paytaxtlardan verilən bəyanatlarda hərbi güc və sanksiyalar tətbiqi barədə hədələr səsləndiyi bir vaxtda müharibə aparmağın çətinliyini dərk edirsiniz?
Əslində baş verənlərə təəcüblənmirəm. Döyüş əməliyyatları aparılanda "facebook müxalifəti”nin liderləri görünməmiş ictimai vətənpərvərlik şəraitində onlara meydan olmadığını başa düşərək hərbi-siyasi rəhbərliyi dəstəklədikləri haqda o qədər də aydın olmayan bəyanatla çıxış edirdilər. Amma toplar susandan sonra qərara gəliblər ki, cəmiyyətdə onlar üçün "imkanlar pəncərəsi” açılıb, axı hazırda cəmiyyət bir tərəfdən əldə edilmiş hərbi qələbələrin coşğusunu, digər tərəfdən isə insan itkilərinə görə sarsıntı yaşayır.
Onlar hesab edirlər ki, altı həftə ərzində televizordan gündəlik hərbi xəbərləri həyacanla izləyən və belə xəbərlərə bir növ aludə olan insanlar indiki atəşkəs şəraitində onların Feysukdakı səhifələrini izləməyə başlayacaqlar.
"Qələbənin oğurlanması” haqda yazılan statuslar, söylənən fikirlər məhz buna hesablanıb, bunun üçün razılaşmanın mətnini çək-çevir edirlər, orada "sualtı daşlar” axtarmağa çalışırlar. Bunun bircə izahı var: "mayatnik effektini” işə salmaq, narazılığı alovlandırmaq və kim bilir, bəlkə də "facebook hərəkatını” "meydan hərəkatı”na qədər aparıb çıxarmaq.
Açıq deyirəm, cənablar: istəyiniz gözünüzdə qalacaq.
Cəmiyyətin böyük bir hissəsi sağlam düşünür və qarşıda tamam ayrı hədəflər, vəzifələr görür. Biz qələbəni bayram etməli və əbədiləşdirməliyik. Həlak olanların yasını tutmalı və onların yaxınları, qohumları qarşısında borcumuzu yerinə yetirməliyik, psixoloji olaraq müharibə vəziyyətindən sülh vəziyyətinə qayıtmalıyıq. Qaçqınları onların doğma ocaqlarına qaytarmalıyıq. Azad edilmiş ərazilərin bərpa edilməsinə və reinteqrasiyasına dair nəhəng işlər görməliyik. Regionda mehriban qonşuluğu və əməkdaşlığı bərpa eləməliyik. Biz yaşamağa davam etməli, işləməli, övladlarımızı böyütməli və özümüzlə fəxr etməliyik.
Bunun üçünsə bizə sülh lazımdır.
10 noyabr razıaşması bu sülhə aparan ən qısa, effektiv və yeganə mümkün olan yoldur. Sözqügedən sazişdə Azərbaycanın bütün uğurlar və nailiyyətləri, Ermənistanın isə bütün məğlubiyyət və güzəştləri öz əksini taparaq, sənədləşdirilib. Bu razılaşmanın ən başlıca nəticəsi - Birinci və İkinci Qarabağ müharibəsi oldu, Üçüncü isə olmayacaq!
Mən bizim hamımızıə sülh (özü də sadəcə sülh deyil, bizim şərtlərimiz çərçivəsində sülh) müjdəçisi olan Qələbə münasibətilə təbrik etmək istəyirəm. Həmçinin, bizə bu bayram sevincini yaşatdığına görə prezident İlham Əliyevə də minnətdarlığımı bildirirəm. Onun uzaqgörənliyi, səbri, əzmkarlığı, soyuqqanlılığı və təmkini, o cür böyük gərginliyə tab gətirməsi uğurlarımızın həlledici amili oldu. Qələbəyə görə çox sağ olun, cənab Ali Baş Komandan!
Əziz dostlar, öz adımdan sizə söz verirəm ki, illərdir Göyçayda təşkil etdiyim ənənəvi "Nar bayramı 2021-ci ildən Qələbə Günündə keçiriləcək.
P.S.
Sonda daha bir məqamı əlavə etməyi vacib bildim. Dünən gecə əldə edilmiş razılaşmadan birbaşa olaraq daha bir son dərəcə mühüm məsələ ortaya çıxır - Dağlıq Qarabağın statusu Azərbaycanın qanunvericiliyinə əsasən müəyyən ediləcək. Digər variantlar sadəcə olaraq, yoxdur. Bunun məhz belə olacağına təminat verənsə prezident Vladimir Putinin imzasıdır.
Tərcümə etdi: Selcan
Sfera.az






