“Paşinyan gizlənib, iş yerinə gəlməkdən qorxur...” - Karen Vrtanesyan
"Nikol Vovayeviç Paşinyan (red. Ermənistan Respublikasının Baş naziri) tərəfindən imzalanan sənədə əsasən, cəmi 4 gündən sonra (bazar günü) Azərbaycan bir güllə belə atmadan Karvaçara (Kəlbəcər) girəcək, tikdiyimiz su elektrik stansiyalarına, inşa etdiyimiz yollara, evlərə və məktəblərə sahib çıxacaqlar. Bircə dəfə atəş açmadan 26 il saxladığımız alınmaz Mrava (Murov) dağlarından keçəcəklər”.
Sfera.az xəbər verir ki, bunu Razm.info ixtisaslaşdırılmış hərbi veb saytının koordinatoru Karen Vrtanesyan özünün şəxsi Facebook səhifəsində yazıb:
"Paşinyan saxtakarlıqla hakimiyyəti ələ keçirdi, saxta yollarla və dövlət sisteminin məhv edilməsi bahasına hakimiyyətdə qaldı , saxta yolla Ermənistanın müdafiə qabiliyyətini məhv etdi, saxtakarlıqla (və hər kəsdən gizli şəkildə) Artsaxın təslim olması barədə sənəd imzaladı. İndi də yalan və qanla hakimiyyəti əlində saxlamağa çalışır ki, imzaladığı rüsvayçı təslim sənədini realizə etməkdə heç kəs ona mane ola bilməsin”.
Karen Vrtanesyan daha sonra yazır ki, Paşinyasnın hətta heç bir günahı olmasa idi belə, bu cür sənədi imzalayandan sonra başını aşağı salıb getməli idi:
"Son 3 gündə ölkə başçısı qaçaq düşüb. Öz iş yerinə gəlməkdən qorxur. Deyirlər, ölkəmizdə hərbi vəziyyətdir.Demək, ölkə başçısı hərbi vəziyyət şəraitində faktiki olaraq fərarilik edib.
Fərarilik edib və "köhnələr və yenilər” yalançı tezisi ilə Ermənistanı dağlıtmağa çalışır.Paşinyan məlum filmdəki "sərsəm kral” kimi özünün, qohum-əqrəbasının və dostlarının bundan sonra da "mükafatlar” alması naminə ölkəni partlatmağa hazırdır.
Bəli, təəccüblənməyin, hətta bu günlərdə də, Qarabağı təslimm edən komanda mükafatlar alır!”
Karen Vrtanesyan bəyan edib ki, bu gün seçim belədir: Ya Ermənistan, ya da Nikol!"
"Bu gün Nikolu müdafiə edənlər dövləti cinayət törədən bir şəxsi, xaini, minlərlə insanın həyatına son qoyan qatili və Ermənistanın suverenliyini heçə endirən bir yalançını himayə edir.
Bu gün Paşinyanın istefasını tələb edənlər, siyasi simpatiya və antipatiyalarından, zövqlərindənasılı olmayaraq, Ermənistanın gələcəyini, uşaqlarımızın Ermənistanda yaşamaq hüququnu müdafiə edir.
Bizim tariximizdə nikollar çox olub, amma nəyin bahasına olursa, olsun, ölkəni qoruyub saxlamağı bacaran vətənpərvərlər də olub.
Bu gün Ermənistanda son 28 ilin ən vacib seçim günüdür. ”
Tərcümə etdi: Selcan
Sfera.az






