“Telefonla hərbi sirrləri yayanlar 7 ilədək həbs oluna bilər” - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başladıb. Belə ki, cəbhəboyu ərazilərdən hərbi məlumatların mobil telefon vasitəsilə çəkilib ötürən şəxslər məsuliyyətə cəlb olunacaq.
Maraqlıdır, qanunvericilikdə bu şəxsləri hansı cəzalara gözləyir?
Məsələ ilə bağlı Sfera.az-a danışan hüquqşünas Adəm Məmmədov hərbi sirləri yayan şəxsləri 7 ilədək azadlıqdan məhrum edilmə cəzasını gözlədiyini bildirib:
"Şəxs tərəfindən xidməti vəzifəyə görə ona etibar edilən məlumatların yayılmasına görə məsuliyyətə cəlb olunma halı var. Yəni, məsuliyyət həm vəzifəyə görə, həm də ona etibar edilmiş məlumatın yayımlanmasına görə tətbiq edilir. Dövlətə xəyanət əlamətləri olmadıqda şəxs hərbi sirri ötürdüyü üçün 2 ildən 5 ilədək azadlıqdan məhrum edilə bilər.
Eyni zamanda bura 3 il müddətinə müəyyən vəzifə tutmaqdan da məhrumedilmə halı da aiddir. Əgər məlumatların ötürülməsi ağır nəticələrə səbəb olursa, yəni düşmən tərəf məlumatlara əsasən obyekti vurursa onda şəxs 5 il müddətinə müəyyən vəzifə tutmaqdan məhrum edilməklə 3-7 il arası məhkum ola bilər.
Qanunda göstərilir ki, mülki vətəndaşların bu cür məlumatları ötürməklə bağlı hansısa məsuliyyəti yoxdur. Çünki mülki vətəndaş hərbi obyektlər olan ərazilərə buraxılmamalıdır. Yəni, buna görə də onlar hansısa məsuliyyət daşımırlar. Çünki qanunda da nəzərdə tutulur ki, "şəxs tərəfindən ona etibar edilmiş” məlumat. Mülki şəxslərdən hərbi sirri ötürdüyünə görə yanlız hərbi əməliyyatlar gedən ərazilərə cəlb edilmiş bəzi sahə işçiləri məsuliyyətə cəlb edilə bilər.
Buraya isə həmin şəxslərin hansısa obyektin şəklini çəkib yayımlaması aid edilir. Lakin istənilən halda vətəndaşlar da diqqətli olub, hərbi obyektlərin şəklini yayımlamamalıdırlar”.
Sfera.az
Əzizə Zeynal






