Müxtəlif millətlərin və dinlərin mehriban yaşadığı Azərbaycan - VİDEO
Azərbaycanın çoxmillətli və tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, qumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır.
"Azərbaycan” sözü bizi həmişə birləşdirib. Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar.
Heydər Əliyev.
Sfera.az xəbər verir ki, bu günlərdə sosial şəbəkədə yayımlanan videoçarx Ümummilli lider Heydər Əliyevin bu dəyərli fikrini əyani surətdə təsdiqləyir.
Rus və ingilis dillərində hazırlanan sözügedən videoçarxda, əhalisinin böyük hissəsi müsəlman olan Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinə eyni mehribanlıqla yanaşıldığı, ölkədə 20-dən çox kilsənin, o cümlədən katolik kilsəsinin, Qafqazda ən böyük və gözəl sinaqoqun fəaliyyət göstərdiyi qeyd olunub.
Həmçinin vurğulanıb ki, Müasir Şərqin Parisi adlandırılan Bakının mərkəzində bu günədək erməni kilsəsinin olması bu ölkənin və Azərbaycan xalqının multikultural dəyərlərə sadiqliyinin ən bariz göstəricisidir.
Adıçəkilən videoçarxda tolerant və hər zaman mədəniyyətlərarası dialoqa açıq olan müasir, çoxmillətli və çoxdini mozaik bir dövlət olan Azərbaycanın müxtəlif ölkələrdə dini məbədlərin bərpasına maddi vəsait ayırması, o cümlədən Gürcüstandakı kilsələri (red. onların arasında erməni kilsələri də var) təmənnasız olaraq qazla təmin etməsi faktı da yer alıb.






