“Everest Construction” MMC-dən şikayət: “Tikinti kranı hələ də ərazidədir, bizi aldadıblar…”
Binəqədi rayonu, Abay Kunanbayev küçəsinin sakinləri tərəfindən Sfera.az-a şikayət məktubu daxil olub. Müraciətdə "Everest Construction” MMC-nin öhdəliyini yerinə yetirməməsindən narazılıq ifadə olunur.
Belə ki, adıçəkilən tikinti şirkəti 5 ildən çoxdur ki, yaşayış binası inşa edib. Binada yaşayış olsa da ərazi təmizlənməyib, tikinti kranı hələ də ərazidən götürülməyib. Bu səbəbdən küləkli, yağışlı havada insanlar əziyyət çəkirlər. Sakinlər özləri ərazini təmizləməyə məcbur olurlar.

Bunlar azmış kimi tikinti sahəsini əhatəyə alan löhvələr də hələ sökülməyib. Halbuki, mövcud normativlərə əsasən mənzillər yaşayış üçün istifadəyə verildikdən sonra sonra həmin lövhələr sökülməliydi.
Şikayətçilər bildirir ki, "Everest Construction” MMC -nin müştərilərə göstərdiyi layihə ilə hazırkı mənzərə arasında yerlə göy qədər fərq var: "Şəkillərdən də görünür ki, şirkət vəd etdiyi öhdəlikləri yerinə yetirmir. Binanın həyətində xeyli tikinti materialları, zibillər tökülüb qalıb. Kranın orada olması isə təhlükə mənbəyidir. Sabah həmin kran aşıb insanların həyatına və əmlakına xəsarət vura bilər”.

Sakinlərin tələbləri bununla yekunlaşmır. Onların sözlərinə görə qaraj hissə təhvil verilməyib. Binanın qarşısına davrvaza qoyulmayıb. Dördüncü blokun lifti və qaz təhcizatı yoxdur. Və ən əsası, sakinlərə sahib olduqları mənzillərin kupçaçı verilməyib.
Binəqədi rayon icra hakimiyyəti məsələ ilə bağlı tədbirlərin görüləcəyini vəd etsə də hələ ki, nəticə yoxdur.
Mövzu diqqətimizdədir.


Rəşad
Sfera.az






