Prezident Naxçıvanda bir ısra obyektlərin açılışında iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.
Sfera.az-ın məlumatına görə, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub. Dövlət başçısı məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri ilə görüşüb.
İlham Əliyev həmçinin, Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına kompleks barədə məlumat verib.
Bildirilib ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb. Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. İcrasına 2014-cü ildə başlanılan layihə ötən ilin oktyabrında tamamlanıb. Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq.
Prezident İlham Əliyev kompleksi işə salıb.
İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında da iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına məlumat verib ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var.
Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.






