Rəhmətə gedən ginekoloqun rəfiqəsi Narınc Rüstəmova ilə MÜSAHİBƏ: "Övladlarına ölüm xəbərini bu gün verəcəyik"
Ötən gün dünyasını dəyişən mama-ginekoloq Səbinə Mirzəyeva bu xəbəri ilə bir çoxlarını sarsıdıb. Yaxın rəfiqələri də bu xəbərdən böyük sarsıntı keçirib. Ölümündən bir gün öncə Bakıda məşhur otellərin birində özünün təşkil etdiyi konfransda onunla birgə olan tanınmış psixoloq Narınc Rüstəmova da ölüm xəbərindən sarsılıb.
Narınc Rüstəmova Sfera.az-a açıqlamasında onunla son görüşdən, yadda qalan xatirələrindən danışıb.
- Hadisənin baş verməsindən öncə bir yerdə idiniz. Yaxın rəfiqəsi kimi onun haqqında təəssüratlarınızı öyrənmək istəyirik.
- Rəfiqələrimdən biri olub. Onu deyə bilərəm ki, qəfil ölümü qəbul etmək insan üçün daha çətindir, nəinki, uzun müddət xəstəlikdən əziyyət çəkən birinin ölüm xəbərini eşitmək. Dünən də hadisə yerindəydik. Hamımız baş verən hadisədən məyus olmuşuq. Ölümündən saatlar əvvəl, daha öncəki gün bir yerdə olmuşduq. Gecə saatlarınadək bir yerdə vaxt keçirmişdik. Konfransa da birgə qatılmışdıq. Həmin gün sadəcə olaraq qrip idi, boğazı ağrayırdı deyə, danışanda da tənginəfəs olurdu. Başqa heç bir şikayəti olmamışdı, özünü yaxşı hiss edirdi. Xüsusi bir baş ağrısı yox idi. Ailəsi və həyat yoldaşı ilə münasibətləri də çox gözəl idi. Həyat yoldaşı onu çox sevirdi, ona düşkün idi.
- İş rejimi də çox gərgin idi…
- Özü həmişə deyirdi ki, gecə doğuşa çağrılanda yolda da bir xəstə zəng edirdi ki, sancısı tutub. İş rejimi ağır, gərgin idi. Onun nə gecəsi var idi, nə gündüzü. Həyat yoldaşı da deyirdi ki, 4 ildir ki, bu adam dincəlmək bilmir. Özü də deyirdi ki, 4 ildir ki, yay fəslində dincəlmir. Həyat yoldaşı uşaqları istirahətə aparırdı. Çox enerjili, həyat eşqi ilə yaşayan qadın idi. Özünə vaxt ayırmazdı. Ötən gün məşhur otellərin birində baş tutan konfrans da onun şəxsi büdcəsi hesabına olmuşdu. Bəlkə də digər dostları pul qazanıb əmlaka, qızıla yatırım edərdi. Amma Səbinə Mirzəyeva işinin vurğunu idi. Təmənnasız addımlar atardı. İnsanlara çox dəyər verərdi. Təmənnasız olaraq kömək etdiyi ailələr var idi. Özünü çox yorurdu. Ailəsi də bu xəbərdən çox sarsılıb. Əslində bu hadisə bizə də dərs olmalıdır. Çox çalışıram. Bir gecə yatıb səhəri yuxudan durmamaq, yaxud da qəfildən dünyanı dəyişmək var. Ən dəhşətlisi budur. Hər günü son gün kimi yaşamaq lazımdır. Düşünürsən ki, səhər oyanıb işə gedəcəksən. Həmişə deyirdim ki, 2-3 aprel mənim üçün ən uğurlu tarixdir. Lakin artıq bu tarix mənim üçün ən ağır günlərdən birinə çevrildi. Çalışmaq lazımdır, lakin bir yerə qədər.
- Övladları bu xəbəri necə qəbul etdi?
- Bu gün övladlarına anasının ölüm xəbərini verəcəyik. Uşaqlar bu xəbəri necə qarşılayacaq, bilmirik. Övladlarının 11-14 yaşları var, bu yükü nə qədər qaldıracaqlar, bunu bilmirik.
- Xəbər həyat yoldaşını da çox sarıdıb…
- Sevib ailə həyatı qurmuşdu. Həyat yoldaşı onu bu qədər sevməsəydi, gecə saatlarında onu doğuşlara aparmazdı. Ona çox güzəştlərə gedirdi.
- Ən böyük arzusu nə idi?
-Yeni layhələr reallaşdırıb, böyük komanda qurmaq istəyirdi. Salyandakı doğuş mərkəzlərindən birinə yardım etmək istəyirdi. Oranı təmir etdirib, küvəzlə təmin olunmasına dəstək olmaq istəyirdi. Övladlarının daha da yaxşı təhsil almasını arzulayırdı. Mütəmadi olaraq onların təhsilləri ilə maraqlanırdı. Onları daha uca zirvələrdə görmək istəyirdi. Bu gün torpağa tapşırılacaq.
Nigar Məhərrəm
Sfera.az






