Şəhid tələbənin əziz xatirəsinə
Fəxrəddin öz əməlləri ilə ailəsinin və müəllimlərinin fəxri idi. Şəhidlik zirvəsinə yüksəlməklə bütün Azərbaycanın fəxrinə çevrildi, adı kimi... Bu zirvəyə onu daşıyan aldığı tərbiyyə və vətənə sevgi, eyni zamanda, qəlbində düşmənə bəslədiyi böyük nifrət, kin və qəzəb idi.
Ailəsi əslən Qərbi Azərbayandan olduğuna görə mənfur qonşularımızın xalqımızın başına gətirdiyi müsibətlər bu ailənin də həyatından yan keçməmişdi. Cinayətkar erməni işğalı nəticəsində Fəfrəddinin ailəsi öz ata-baba törpaqlarından didərgin düşərək qaçqın həyatı yaşamağa məcbur olmuşdur. Bu hadisələr, evdə gedən söhbətlər kiçik yaşlarından Fəfrəddinin qəlbində böyük izlər qoymuşdu. O, vətənpərvər idi. İşğal altında olan torpaqlarımızın düşmən tapdağından azad ediməsi onun ən böyük arzusu idi.
Beləcə illər bir-birini əvəz elədi, Fəxrəddin öncə tələbə, sonra əsgər oldu...
Azərbaycan Universitetinin tələbəsi adına layiq görülməklə, ailəsinə ən böyük sevinci yaşadan Fəxrəddin qısa müddətdə ali məktəbin professor, müəllim heyyətinin hörmətini və etibarını qazandı. O, qrup nümayəndəsi idi. Qrup nümayəndəsi kimi öz davranışları ilə həmyaşıdlarına həmişə müsbət nümunə olmuşdu. İntizamlı, ağıllı, tərbiyəli, ədəbli və məsuliyyətli tələbə idi. Onu hamı belə tanıyırdı. Dərslərini yaxşı oxumaqla yanaşı universitetin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirdi. Sosial iş ixtisasında təhsil aldığına görə, bu sahədə fəaliyyət göstərən bir neçə Qeyri Hökumət Təşkilatlarında könüllü idi və tələbələri də könüllülük fəaliyyətinə təşviq edirdi.
Mən onlara dörd fəndən dərs deyirdim. Dərsə həmişə hazırlıqlı gəlirdi. Müzakirələrdə fəal iştirak edir, istənilən mövzuda sual verməyi, fikir mübadiləsi etməyi çox sevirdi. Fikirləri, düşüncələri yaşından böyük idi. Vaxtından əvvəl müdrikləşmişdi. Qrupda yaşca hamıdan kiçik idi. Amma uşaqlar onu "rəhbər”, "lider” kimi qəbul edirdi. Qrup nümayəndəsi kimi, tələbə yoldaşlarını həmişə müdafiə edirdi. Bəzən dərsə gecikən, dərsə gəlməyən hətta dərsə hazır olmayan yoldaşlarına güzəşt etməyi məndən xahiş edirdi. Sanki valideyn kimi öhdəlik götürür, onların yerinə söz verirdi ki,”düzələcəklər”. Uşaqlar da ona qulaq asır, tapşırıqlarını ciddi qəbul edib əməl edirdilər.
Tələbəm haqqında xatirə yazmaq olduqca çətindir! Onun yoxluğunu qəbul etmək və bu fikrə alışmaq valideynləri qədər müəllimləri üçün də ağırdır. Mənə elə gəlir ki, şəhid olmağı Fəxrəddin özü arzulayırdı, bu onun seçimi idi! Ruhu şad olsun!
Tünzalə Verdiyeva
Azərbaycan Universitetinin Sosial iş kafedrasının Baş müəllimi






